KİV: Londonun şimalında qızılca xəstəliyi yayılıb
- 15 fevral, 2026
- 16:35
Londonun yeddi məktəbində və bir uşaq bağçasında 60-dan çox qızılca xəstəliyi halı aşkar edilib.
"Report" xəbər verir ki, bu məlumat "The Sunday Times" qəzetində dərc olunub.
Məlumata görə, epidemiya Londonun şimalındakı Enfild rayonunda qeydə alınıb.
34 nəfərdə qızılca laboratoriya yolu ilə təsdiqlənib, bəzi hallarda uşaqların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. Həkimlər belə vəziyyəti Londonda qızılca, parotit və məxmərəkdən qoruyan vaksinasiya səviyyəsinin aşağı olması ilə izah edirlər. Qəzet bunun səbəblərindən biri kimi COVID-19 pandemiyasından sonra insanların peyvəndlərin effektivliyinə inanmamasını göstərib.
Yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatı Böyük Britaniyanı qızılcanı aradan qaldırmış ölkə statusundan məhrum edib.
Nəşr qeyd edib ki, sanitar orqanlar dünyanın ən yoluxucu xəstəliklərindən birinin yayılmasını maksimum dərəcədə azaltmaq üçün səy göstərirlər. Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyinin qiymətləndirmələrinə görə, Londonda qızılca epidemiyası 40 mindən 160 min nəfərə qədər insanı əhatə edə bilər.
"The Sunday Times" bildirib ki, İngiltərədə uşaq vaksinasiyası səviyyəsi son on ilin ən aşağı səviyyəsindədir.