Yəməndə İsrail zərbələri nəticəsində ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB-2
- 10 sentyabr, 2025
- 22:23

İsrail Hərbi Hava Qüvvələrinin Yəməndə husilərə aid obyektlərə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb, 131 nəfər yaralanıb.
"Report"un "Al Masirah" telekanalına istinadla verdiyi məlumata görə, bu barədə husilər tərəfindən formalaşdırılmış hökumətin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin paytaxt Səna və Əl-Cauf vilayətinə endirdiyi hava zərbələri nəticəsində 35 nəfər ölüb, 131 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb, 118 nəfər yaralanıb.
"Report" "Al Masirah"a istinadən xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İlkin məlumatlara görə, İsrailin təcavüzü nəticəsində paytaxt Səna və Əl-Cauf əyalətində 9 nəfər ölüb, 118 nəfər yaralanıb", - məlumatda deyilir.
Öz növbəsində, "Ənsar Allah" hərəkatından olan husilərin silahlı qüvvələrinin sözçüsü Yəhya Sariya bildirib ki, İsrail Yəməndəki hava hücumları zamanı yalnız mülki hədəflərə, o cümlədən Sənadakı iki qəzetin ofisinə hücum edib.
İsrailin Yəmənin paytaxtı Sənada husilərin Müdafiə Nazirliyi kompleksinə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
"Report" xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.
Husilərə məxsus "Saba" informasiya agentliyi də ölən və yaralananlar olduğunu bildirib. Məlumata görə, üsyançıların qurumunda mənəvi-psixoloji hazırlıq şöbəsi hücuma məruz qalıb.
KİV ölən və yaralananların dəqiq sayı barədə məlumat vermir.
Qeyd edək ki, bu gün axşam saatlarında İsrail Müdafiə Qüvvələri Yəmənin paytaxtına hava zərbəsi endirib.