KİV: ABŞ Meksikaya narkokartellərlə mübarizə məqsədilə hərbi heyət göndərə bilər
- 03 noyabr, 2025
- 15:49
ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikaya narkokartellərə qarşı mübarizə aparmaq üçün qoşun və kəşfiyyatçılar göndərməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələr qeyd edib ki, quru əməliyyatına hazırlıq artıq başlayıb. Lakin Meksikada qüvvələrin yerləşdirilməsi hələ sual altındadır. Missiyanın miqyası barədə müzakirələr hələ də davam edir və qərar qəbul edilməyib. Bildirilir ki, əsas zərbələr pilotsuz uçuş aparatları vasitəsilə həyata keçiriləcək.
Telekanal vurğulayır ki, planlaşdırılan əməliyyat Trampın indiki administrasiyasının sələfləri ilə müqayisədə daha böyük qətiyyətini nümayiş etdirir. Əvvəlki administrasiyalar narkotik kartellərinə qarşı mübarizədə yerli hökumətə dəstək vermək üçün Meksikaya agentlər göndərirdi, lakin birbaşa iştirak etmirdilər.