Kaya Kallas İranı AEBA ilə tam əməkdaşlığa çağırır

Digər ölkələr
  • 01 sentyabr, 2025
  • 21:17
Kaya Kallas İranı AEBA ilə tam əməkdaşlığa çağırır
Kaya Kallas

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranı şəffaflığı təmin etməyə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) tam əməkdaşlığa çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"İranın şəffaf olması və AEBA ilə tam əməkdaşlığı həyati əhəmiyyət kəsb edir. İranın nüvə problemi ilə bağlı diplomatiya pəncərəsi hələ də açıqdır və Aİ öz töhfəsini verməyə hazırdır. Bu gün mən AEBA-nın direktoru Rafael Qrossi ilə görüşdüm və onun işinə tam dəstəyimizi bir daha bildirdim", - diplomat qeyd edib.

İran Xarici İşlər Nazirliyi və AEBA nümayəndələri əməkdaşlığın bərpası ilə bağlı danışıqları davam etdirirlər. İndiyədək iki görüş keçirilib, üçüncü görüş nəzərdə tutulub.

Bu arada ABŞ nüvə problemini həll etmək üçün İranla ciddi diplomatik danışıqlara çağırır. Fransa, Almaniya və Böyük Britaniya Tehranın nüvə öhdəliklərinə əməl etməməsinə cavab olaraq BMT sanksiyalarının (snapback) yenidən tətbiqi prosesinə başlayıb.

R.Qrossi İranla konstruktiv münasibətləri davam etdirmək istədiyini vurğulayıb və agentlik müfəttişlərinin ölkəyə qayıtmasını alqışlayıb. O, bunu əməkdaşlığın normallaşdırılması istiqamətində irəliləyiş kimi qiymətləndirib. Eyni zamanda diplomat qeyd edib ki, müfəttişlər İran ərazisində yoxlamaların aparılması ilə bağlı bir sıra məsələləri həll etməli olacaqlar.