Kallas: Rusiya Ukraynadakı müharibəni uda bilməz - bu aydındır
- 26 noyabr, 2025
- 17:31
Rusiya Ukraynadakı müharibəni qazana bilməz - bu aydındır, ona görə də o, danışıqlar və öz şərtləri əsasında razılaşmalar yolu ilə məqsədlərinə çatmağa çalışır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Putin öz məqsədlərinə döyüş meydanında nail ola bilmir, buna görə də ən yaxşı nəticəni təmin etmək üçün danışıqlar aparmağa çalışacaq", - o deyib.
K.Kallasın sözlərinə görə, Rusiyanın yay hücumu uğursuz olub, ABŞ və Aİ-nin sanksiyaları bu ölkənin iqtisadiyyatına böyük təsir göstərir, nəticədə pul və qoşun itirir. O bildirib ki, buna görə də sülh ilə bağlı şansları artırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək lazımdır.
Ali nümayəndə qeyd edib ki, sadəcə kursu saxlamaq deyil, tempi artırmaq lazımdır: "Bu, Rusiyanı müharibə aparmaq vasitələrindən məhrum etmək üçün əlavə sanksiyaların tətbiq edilməsi, Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılması deməkdir. Aİ özü maliyyələşdirmə, təlim və müdafiə sənayesinə dəstək təmin etməklə təhlükəsizlik zəmanətlərinə əhəmiyyətli töhfə verəcək. Bu istiqamətdə iş davam edir".
O əlavə edib ki, təhlükəsizlik zəmanətləri real təhlükənin Rusiyadan gəldiyi faktını dəyişmir.