KİV: Bəndər-Abbasda baş verən partlayış SEPAH-ın HDQ komandanına sui-qəsd cəhdi deyil - YENİLƏNİB
- 31 yanvar, 2026
- 17:19
Bu gün İranın Bəndər-Abbas şəhərində qeydə alınan partlayışın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Əlirza Təngsiriyə qarşı sui-qəsd cəhdi zamanı baş verməsi barədə məlumatlar həqiqətə uyğun deyil.
"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Bəndər-Abbasda partlayışdan sonra sosial şəbəkələrdə guya Ə.Təngsirinin sui-qəsd hədəfinə çevrilməsi barədə xəbərlər yayılmağa başlayıb: "Məlumatlı mənbəmiz Bəndər-Abbasda baş verən hadisə nəticəsində Əlirza Təngsirinin öldürülməsi barədə şayiələri təkzib edib".
İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
Bildirilib ki, partlayış səkkizmərtəbəli binada baş verib. Nəticədə iki mərtəbə, bir neçə nəqliyyat vasitəsi və mağazalar dağılıb.
Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.
Digər təfərrüatlar açıqlanmayıb.