KİV: Fevralın 6-da keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib - YENİLƏNİB
- 04 fevral, 2026
- 21:55
ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid məlumat yayıb.
"İranın nüvə proqramı ilə bağlı danışıq planları uğursuzluğa düçar olur", - portal amerikalı məmurlardan sitat gətirib.
İran tərəfi bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb edib. Bu tələbin məqsədi ABŞ və region ölkələri üçün prioritet olan raket məsələsi kimi digər mövzulara deyil, yalnız nüvə məsələlərinə fokuslanmağı təmin etmək olub. Lakin çərşənbə günü ABŞ İrana Tehranın tələbləri ilə razılaşmayacağını bildirib.
"Biz onlara dedik ki, ya bu cür olacaq, ya da heç nə olmayacaq. Onlar isə: "Yaxşı, onda heç nə", - deyə cavab verdilər", – yüksək rütbəli amerikalı rəsmi bildirib.
O qeyd edib ki, əgər iranlılar ilkin formata qayıtmağa razı olsa, ABŞ bu və ya gələn həftə görüşməyə hazırdır.
İran və ABŞ fevralın 6-da Omanda xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə gələcək nüvə razılaşması barədə danışıqlar aparacaq.
"Report" xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Danışıqların formatı əvvəlki kimi qalacaq: tərəflər Oman tərəfinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaqlar. Görüşə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner də qoşula bilər.