FTB: Şatdaun Amerikanın təhlükəsizliyini risk altına ata bilər
- 02 oktyabr, 2025
- 05:54

ABŞ federal hökumətinin hazırkı fəaliyyətinin qismən dayandırılması (şatdaun) Amerikanın təhlükəsizliyini risk altına ata bilər.
"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə FTB Agentləri Assosiasiyasının üzvlərinə göndərdiyi mesajda xəbərdarlıq edilib.
"Şatdaun, ölkə misli görünməmiş miqyasda milli təhlükəsizlik və cinayət təhdidləri ilə üzləşdiyi bir vaxtda FTB-nin öz vəzifələrini yerinə yetirmə qabiliyyətini sarsıda bilər", - CNN mətndən sitat gətirib.
Assosiasiya həmçinin xəbərdarlıq edib ki, əməliyyat resurslarının məhdudlaşdırılması istintaqlara, müşahidəyə, kriminal ekspertizaya və ştat, yerli və beynəlxalq hüquq-mühafizə orqanları ilə tərəfdaşlıqlara ciddi təsir göstərə bilər.
Təşkilatın rəhbərləri Konqresə məktub göndərərək şatdaun dövründə işləyən federal hüquq-mühafizə əməkdaşlarının əməkhaqqının saxlanılmamasını tələb ediblər. Onlar qeyd ediblər ki, maaşların gecikməsi agentlərin maliyyə sabitliyini təhdid edə və onların təhlükəsizlik icazəsini risk altına ata bilər.
Qeyd edək ki, ABŞ federal hökuməti maliyyələşmənin olmaması səbəbindən 1 oktyabr gecə yarısı fəaliyyətini qismən dayandırıb.