Fransada zənginlər üçün vergi tətbiq edilə bilər
- 24 sentyabr, 2025
- 11:58

Fransanın Baş naziri Sebastyen Lekornyu büdcəyə əlavə daxilolmaların təmin edilməsi və dövlət borcunun azaldılması məqsədilə üçün ən varlı vətəndaşlar və ən yüksək gəlirli müəssisələrə yüksək vergi tətbiqini nəzərdən keçirə bilər.
"Report" xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadən bildirib.
Məlumata görə, hökumət dairələrində büdcə kəsirinin azaldılması zərurəti və həmkarlar ittifaqları ilə kompromis axtarışı fonunda belə bir addımın qaçılmaz olması ilə bağlı konsensus yaranır.
"Sebastyen Lekornyu ən varlı şirkətlərin və fərdi şəxslərin büdcə xərclərində iştirakını təmin etməkdə qərarlıdır", - mənbə qeyd edib.
Ultra-zənginlərdən yüksək məbləğdə vergi tutulması ideyası geniş ictimai dəstəyə malikdir və bu, sol partiyalar və həmkarlar ittifaqlarının baş nazirə qarşı irəli sürdüyü tələblərdən biridir.
Bu gün S.Lekornu tələbləri nəzərə alınmadığı təqdirdə yeni tətillər keçirməklə hədələyən səkkiz həmkarlar ittifaqı təşkilatının nümayəndələri ilə görüşməlidir.