Fitso: Ukraynanın Aİ-yə üzvlüyü prosesi çox çəkəcək
- 06 sentyabr, 2025
- 18:27

Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi çox uzun çəkəcək.
"Report" xəbər verir ki, bu proqnozu Slovakiyanın Baş naziri Robert Fitso ölkə radiosunun "Şənbə dialoqları" proqramında cümə günü Ujqorodda Ukrayna lideri Volodimir Zelenski ilə görüşünə münasibət bildirərkən deyib.
"Ukrayna (Aİ) üzvlüklə bağlı bütün şərtləri yerinə yetirməlidir. Ukraynanın üzvlüyü prosesi çox uzun çəkə bilər", - o qeyd edib.
Fitso bu barədə Zelenski ilə danışdığını bildirib.
"O, böyük Aİ ölkələrinin Ukraynanın İttifaqa daxil olması üçün böyük maneələr yaradacağına hazır olsun. Onlar başa düşürlər ki, belə böyük ölkənin qəbulu kənd təsərrüfatı siyasətində və (İttifaq daxilində) maliyyə bölgüsündə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq", - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Slovakiya Aİ-nin Ukrayna hesabına genişləndirilməsi planlarının həyata keçirilməsini dəstəkləyir və Kiyevin İttifaqa qəbulu zamanı əldə etdiyi təcrübəsini bölüşməyə hazırdır.