Filippinin paytaxtında iğtişaşlar zamanı 40-a yaxın polis yaralanıb
- 21 sentyabr, 2025
- 16:56

Filippinin paytaxtı Manilada etiraz aksiyaları zamanı yaranan iğtişaşlar nəticəsində 40-a yaxın polis əməkdaşı yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb.
"Bazar günü günortadan sonra Maniladakı Ayala körpüsündə maskalı etirazçıların polis kordonlarına müxtəlif əşyalar atması və təkərləri yandırması nəticəsində 39-u polis əməkdaşı olmaqla azı 40 nəfər yaralanıb", - telekanal bildirir.
Polisin məlumatına görə, etirazçılar zabitlərə şüşə, boya və daş atıblar. Etirazçıların əksəriyyəti azyaşlılar olub. Asayişi pozmaqda şübhəli bilinən ümumilikdə 17 nəfər saxlanılıb, onlara daş atmaq və yük avtomobillərini yandırmaq ittihamı irəli sürülüb.
Etiraz aksiyası ölkənin daşqınla mübarizə fondundan mənimsəmə faktının aşkarlanması səbəbindən keçirilib.