Estoniya XİN Polşanın hava məkanının pozulmasına görə rusiyalı diplomatı nazirliyə çağırıb
- 11 sentyabr, 2025
- 19:23

Estoniya Xarici İşlər Nazirliyi Rusiya PUA-larının Polşanın hava məkanını pozması ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Bu barədə "Report" Estoniya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Estoniya XİN-dən qeyd edilib ki, Rusiyanın döyüş dronlarının Polşanın hava məkanını pozmasını qətiyyətlə pisləyirlər.
"Bu, vətəndaşların təhlükəsizliyini, regional sabitliyi və beynəlxalq sülhü təhdid edən qəbuledilməz və aqressiv hərəkətdir. Rusiya daha əvvəllər də dəfələrlə suveren dövlətlərin hava məkanının oxşar pozuntularına yol versə də, bu insidenti qəsdən eskalasiya kimi qiymətləndirmək lazımdır. Estoniya Polşa və müttəfiqlərimizlə həmrəyliyini bir daha bəyan edir", - bəyanatda deyilir.