Daşqınlar nəticəsində Vyetnama ciddi ziyan dəyib, azı 90 nəfər ölüb
- 23 noyabr, 2025
- 08:55
Vyetnamın mərkəzində leysan yağışları nəticəsində yaranan güclü daşqın və torpaq sürüşmələri nəticəsində 90 nəfər ölüb, daha 12 nəfər hələ də itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə Vyetnamın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Bəndlərin İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.
Qeyd olunub ki, ən böyük zərər Daklak, Hanhoa, Zyalay və Lamdonq əyalətlərinə dəyib. Belə ki, buralarda 1100-dən çox fərdi ev, məktəb və inzibati bina dağıdılıb və ya zədələnib, təxminən 200 000-i su altında qalıb.
Daşqınlar ölkə magistrallarının 24 hissəsini su altında qoyub və zədələyib, ölkənin mərkəzi hissəsi və digər bölgələrlə avtomobil və dəmir yolu əlaqələri ciddi şəkildə pozulub. Təbii fəlakət Mərkəzi Vyetnamın 80 min hektar əkin sahəsinə və 100 min hektardan çox meyvə plantasiyasına ziyan vurub, 3,5 milyon mal-qara və quş tələf olub.
Vyetnam hakimiyyətinin məlumatına görə, daşqınlardan iqtisadi itkilər 9,035 trilyon donqdan (341 milyon dollardan çox) çoxdur. Hökumət daşqınların nəticələrinin tez bir zamanda aradan qaldırılması, insanların təhlükəsizliyinin təmin edilməsi, təbii fəlakətdən dəyən zərərin minimuma endirilməsi üçün zəruri tədbirlər görür.
Milli Müdafiə Nazirliyi 44 600 əsgər və zabit, İctimai Təhlükəsizlik Nazirliyi isə 98 500 polis əməkdaşını yerli əhaliyə yardım etmək üçün səfərbər edib.
Təhlükəsizlik qüvvələri insanları su basmış ərazilərdən evakuasiya etmək və təcrid olunmuş zonalara təcili yardım çatdırmaq üçün helikopterlər, su gəmiləri və xüsusi maşınlar yerləşdirib. Təsirə məruz qalan ərazilərə dərman, ərzaq, təmiz su və zəruri mallar göndərilir.