Çin ABŞ-ni İranla nüvə sazişi danışıqlarını bərpa etməyə çağırıb
- 27 sentyabr, 2025
- 01:39

Çin ABŞ-ni rəsmi Tehranın nüvə sazişi üzrə danışıqların bərpası təklifinə müsbət reaksiya verməyə və İrana qarşı daha çox zərbə endirməkdən çəkinmək öhdəliyini götürməyə çağırıb.
"Report"un məlumatına görə, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının iclasında Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan bildirib.
"Biz Birləşmiş Ştatları siyasi iradə nümayiş etdirməyə, İranın danışıqları bərpa etmək təklifinə müsbət reaksiya verməyə və İrana qarşı daha çox hərbi zərbələrdən çəkinmək üçün birmənalı öhdəlik götürməyə çağırırıq", - deyə Şuan qeyd edib.
O vurğulayıb ki, dialoq və danışıqlar İran nüvə probleminin həllində "yeganə həyat qabiliyyətli variantlardır". Onun sözlərinə görə, Qəzzada davam edən münaqişə və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda İran nüvə məsələsinin həllində uğursuzluq regional təhlükəsizlik böhranını təhrik edə bilər ki, bu da beynəlxalq ictimaiyyətin ümumi maraqlarına ziddir.