Brüsselin ən böyük aeroportu ümummilli tətil səbəbindən iflic olub
- 14 oktyabr, 2025
- 13:41

Brüsselin ən böyük hava limanı Belçikada həmkarlar ittifaqlarının təşkil etdiyi ümummilli tətil səbəbindən bütün uçuşları ləğv edib.
Bu barədə "Report" AP-yə istinadən məlumat verir.
Tətil Belçika hökumətinin büdcə xərclərinin azaldılması planlarına etiraz əlaməti olaraq keçirilir.
Şarlerua hava limanında da oxşar vəziyyət yaranıb – işçi heyəti çatışmazlığı səbəbindən reyslər dayandırılıb.
Gecikmələr və ləğvlər Brüsseldəki metro, tramvay və avtobusların işinə də təsir göstərib. Paytaxt polisi sakinlərə şəhər mərkəzinə getməkdən çəkinməyi və şəxsi nəqliyyat vasitəsindən istifadə etməyi tövsiyə edib.
Etirazlara səbəb hökumətin dövlət xərclərini azaltmaq və Aİ normalarını aşan büdcə kəsirini azaltmaq üçün pensiya sisteminidə islahatların aparılmasının planlaşdırılması olub.
Həmkarlar ittifaqları çərşənbə günü Brüsseldə mitinqə on minlərlə insanın qatılacağını gözləyir.