Bolsonaru oğlunun Braziliya prezidentliyinə namizədliyini dəstəkləyib
- 26 dekabr, 2025
- 00:27
Qasıq yırtığı cərrahi əməliyyatını uğurla keçirmiş Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaru oğlu Flavionu 2026-cı ilin prezident seçkilərində dəstəkləyib.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, o, bunu əməliyyatdan sonra xəstəxanada jurnalistlərə bildirib.
"Əməliyyat plana uyğun olaraq, ağırlaşma olmadan keçib", - siyasətçini əməliyyat edən cərrah Klaudio Birolini bildirib.
Həkim əlavə edib ki, Bolsonaru fizioterapiya və tromboz profilaktikası da daxil olmaqla reabilitasiya prosesindən keçəcək. Seçki kampaniyası zamanı qarnından bıçaqlandığı 2018-ci ildəki sui-qəsd cəhdindən bəri onu narahat edən hıçqırıqları aradan qaldırmaq üçün yaxın günlərdə başqa bir prosedura ehtiyacı ola bilər.
Jair Bolsonaru Braziliya Ali Federal Məhkəməsinin icazəsi ilə xəstəxanaya yerləşdirilib. Siyasətçi əvvəllər dövlət çevrilişinə cəhddə təqsirləndirilərək 27 ildən çox həbs cəzasına məhkum edilib, lakin hakimiyyət orqanları ona əməliyyat üçün müvəqqəti olaraq həbsxanadan çıxmağa icazə verib. O, sağaldıqdan sonra cəzasını çəkməyə davam edəcək.