Baş nazir: Tailand Kamboca ilə sərhəddəki toqquşmaların təşəbbüskarı olmayıb
- 08 dekabr, 2025
- 12:15
Tailand Kamboca ilə sərhəddə baş verən toqquşmanın təşəbbüskarı olmayıb və özünümüdafiə hüququnun həyata keçirilməsində israr edir.
"Report" "Thai PBS" telekanalına istinadən xəbəg verir ki, bu sözləri Tailandın Baş naziri Anuthin Çanvirakun sərhəddəki vəziyyətlə bağlı təhlükəsizlik qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təcili iclasın yekunlarına dair mətbuat konfransında bildirib.
"2025-ci il dekabrın 7-dən etibarən Tailand-Kamboca sərhədi boyunca bir neçə rayonda toqquşmalar baş verir. Hökumət bütün mərhələlərdə vəziyyəti diqqətlə izləyir və təhlükəsizlik qurumlarına təhlükəsizliyin təmin edilməsi istiqamətində gücləndirilmiş iş rejiminə keçməyi tapşırıb. Tailand bundan sonra da ölkənin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquqa və qanuni özünümüdafiə hüququna uyğun olaraq qorumaq üçün səy göstərəcək", - o qeyd edib.
Telekanalın məlumatına görə, Tailandın Hərbi-Hava Qüvvələri bu gün Kamboca ərazisindəki kazinoya zərbə endirib. Ehtimallara görə, bu kazinodan ağır silahların və pilotsuz uçuş aparatlarının saxlanması üçün istifadə edilib. Kamboca qüvvələrinin Tailandın sərhədyanı rayonlarını atəşə tutmasına cavab olaraq F-16 qırıcıları hərbi infrastruktur obyektinə zərbə endirib.
Xatırladaq ki, Kamboca və Tailandın Baş nazirləri Hun Manet və Anuthin Çanvirakun oktyabr ayında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ASEAN-ın 47-ci sammitinin gedişində ölkələr arasında sərhəd münaqişəsinin dinc yolla nizamlanması üçün birgə bəyannamə imzalayıb.