Baş komandan: Rusiyanın Kazennıy Torets çayı boyunca tələyə düşən bölmələri məhv edilir
- 26 sentyabr, 2025
- 15:07

Rusiya ordusunun hücum planı Ukraynaya hərbçilərinin peşəkar, düşünülmüş hərəkətləri, islahatların vaxtında keçirilməsi, düşmən arxasına səmərəli zərbələr sayəsində baş tutmadı.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, ordu generalı Oleksandr Sirski jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya payızın əvvəlinə qədər Xarkov və Sumı vilayətlərində "bufer zonası" yaratmağı, Pokrovsku (Donetsk vilayəti) ələ keçirməyi, Donetsk vilayətinin tam sərhədlərinə çıxmağı planlaşdırırdı.
O qeyd edib ki, bundan başqa Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərində də bir sıra əraziləri ələ keçirmək planlaşdırılırdı:
"Rusların yaz və yay kampaniyası faktiki olaraq pozulub. Yayın əvvəlindən düşmənin taktikasında dəyişiklik baş verib. O, "min kəsik" adlanan yeni taktikaya keçib, bu da eyni vaxtda çoxlu sayda kiçik hücum qruplarından, 4-6 əsgərdən istifadə etməkdən ibarətdir. Onlar relyefdən, yarğanlardan, əkinlərdən istifadə edərək hücum edir və əsas vəzifələri ərazimizə mümkün qədər dərin nüfuz etməkdir. Beləliklə, çoxlu sayda qoşun tətbiq etmədən, sadəcə ərazini ələ keçirməyə cəhd edir".
O.Sirski bildirib ki, Rusiya ordusu cəbhəni uzadaraq, qüvvə və vasitələrdə əhəmiyyətli üstünlüyə malik olaraq, əsasən 51-ci ordu briqadasının və ön batalyonların qüvvələri ilə ayrı-ayrı qruplarla 12-20 km dərinliyə irəliləməyi bacarıb.
"Bu hadisələrin inkişafını proqnozlaşdıraraq biz bir sıra qabaqlayıcı tədbirlər gördük. Plan, düşmən qruplaşmasını Kazennıy Torets çayı boyunca bölmək idi. Beləliklə, dərinliyə irəliləyən düşmən bölmələri özünəməxsus bir "tələyə" düşdülər. Eyni zamanda, şimal və cənubdan qarşı istiqamətlərdə Hava Desant Qoşunlarımızın bölmələrinin fəaliyyəti ilə bu xətti bağladıq. İndi faktiki olaraq onun məhv edilməsi prosesi gedir" - deyə, o, əlavə edib.