"Axios": ABŞ Senatındakı demokratlar qrupu şatdaunun sonlandırılmasına yardım etməyə hazırdırlar
- 10 noyabr, 2025
- 00:23
ABŞ Konqresinin Senatındakı demokratlar qrupu federal hökumətin fəaliyyətinin bərpasına yönəlmiş qanun layihələri paketinə respublikaçılarla birlikdə səs verməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, demokratlar bazar günü Senatda hökumətin fəaliyyətinin dayandırılmasını (şatdaun) sona çatdıra biləcək qanun layihələri paketini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Məqalədə qeyd olunub ki, prosedur səsverməsi zamanı ən azı 10 demokratın sözügedən qanun layihələrini dəstəkləyəcəyi gözlənilir. Daha əvvəl demokratlar respublikaçıların bu istiqamətdəki qanunvericilik təşəbbüslərini dəstəkləməkdən imtina etmişdilər.
Senatda respublikaçıların çoxluq lideri, Cənubi Dakota ştatından olan Con Tyun şənbə günü bildirib ki, hər iki partiyanın nümayəndələri federal hökumətin fəaliyyətinin bərpası ilə bağlı konstruktiv məsləhətləşmələr aparıblar. O həmçinin qeyd edib ki, yeni qanun layihələri paketi üzərində iş gedir, lakin təfərrüatları açıqlamayıb.