ATƏT PA prezidenti: Rusiya müharibəni yalnız Ukrayna ilə məhdudlaşdırmır
- 07 oktyabr, 2025
- 16:05

Bir sıra Avropa ölkələrinin hava məkanının pozulması, Rusiyanın apardığı müharibənin artıq yalnız Ukrayna ilə məhdudlaşmadığını göstərir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Kiyevdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pere Juan Pons Sampietro Ukrayna Ali Radasında keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiyanın hücumları təkcə Ukraynanı təhdid etmir:
"O, beynəlxalq nizamımızın sabitliyini təhdid edir. Bu, regionumuzun təhlükəsizliyini və xalqlarımızın azadlığını təmin edən prinsipləri sarsıdır. Polşa, Rumıniya, Estoniya, Danimarka, Litvanın hava məkanının pozulması isə hamımıza xatırladır ki, bu təkcə Ukraynanın müharibəsi deyil".
ATƏT PA prezidenti Rusiyaya xəbərdarlıq da edib ki, Aİ sərhədləri bir daha pozularsa cavab sərt olacaq.