Almaniya "Patriot" HHM sistemlərinin Polşadan çıxarıldığını elan edib

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 02:10
Almaniya Patriot HHM sistemlərinin Polşadan çıxarıldığını elan edib

Almaniya Müdafiə Nazirliyi Polşada yerləşdirilmiş "Patriot" zenit-raket komplekslərinin çıxarıldığını və orada dislokasiya olunmuş Bundesver (Almaniya Silahlı Qüvvələri) hərbçilərinin geri qaytarıldığını elan edib.

"Report"un məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, Bundesver Polşada yerləşdirilən və NATO-nun hava məkanını, həmçinin Ukrayna sərhədinə yaxın Jeşuv nəqliyyat qovşağını qorumaq üçün nəzərdə tutulan "Patriot" HHM sistemlərini geri çıxarır.

"Missiyanın komandanlığının dekabrın əvvəlində niderlandlı tərəfdaşlarımıza təhvil verilməsindən sonra bu gün sonuncu hərbçilər öz bazalarına qayıtdılar", – deyə açıqlamada vurğulanıb.

Yanvarın sonunda Almaniya Ukrayna sərhədindəki Jeşuv Hava Limanında altı aylıq müddətə iki "Patriot" batareyası və 200 hərbçi yerləşdirmişdi. Mayın əvvəlində Polşanın Baş naziri Donald Tusk Almaniya Kansleri Fridrix Mertsdən "Patriot" batareyalarının ilin sonuna qədər sərhəddə qalmasını xahiş etmişdi. Beləliklə, Almaniyanın HHM sistemləri və hərbçiləri dekabradək Polşada dislokasiya olunmuşdu. Bu, Ukrayna Silahlı Qüvvələrinə göndərilən təchizatın təminatı üçün də nəzərdə tutulmuşdu.

"2023 və 2024-cü illərdə Polşa və Slovakiyaya əvvəlki ezamiyyətlərdə olduğu kimi, bu missiya da ən qısa müddətdə təşkil olundu ki, müttəfiqlərimiz üzərindəki yük azaldılsın", – deyə Almaniya müdafiə naziri Boris Pistorius bildirib. Onun sözlərinə görə, indi Jeşuvda komandanlığı Niderland Silahlı Qüvvələri öz üzərinə götürüb.

Son xəbərlər

Bütün Xəbər Lenti