AK sədri: Çətinliklərin öhdəsindən gəlmək üçün Avropanın birliyə ehtiyacı var
- 06 oktyabr, 2025
- 20:11

Rusiya Prezidenti Vladimir Putin köhnə metoddan - "parçala və hökm sür" metodundan istifadə edir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen parlamentin iclasında deyib.
Tədbirdə AK-ya qarşı iki etimadsızlıq votumuna baxılıb.
Ursula fon der Lyayen yenidən Avropa İttifaqının üzləşdiyi daxili və xarici problemləri həll etmək üçün birliyə çağırıb.
"Dünya son onilliklərin ən təhlükəli və qeyri-sabit vəziyyətindədir. Avropa yüksək hazırlıq vəziyyətindədir. Ehtiyatsız hava məkanına müdaxilələrdən tutmuş iqtisadi məcburetmə cəhdlərinə qədər. Ukraynaya amansız hücumlardan tutmuş öz təhlükəsizliyimizə birbaşa təhdidlərə qədər. Avropa Şərqdən təhdid altındadır və daxildən çağırışlarla üzləşir", - o bildirib.
AK rəhbərinin fikrincə, birliyin mahiyyəti heç də bütün məsələlər üzrə səssiz razılaşmadan ibarət deyil; əksinə, gərginlik və debat siyasi prosesin ayrılmaz və mühüm hissəsidir. "Lakin Avropa öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün ümumi məqsəd ətrafında birləşməlidir", - o vurğulayıb.
Ursula fon der Lyayenin sözlərinə görə, Aİ-nin rəqibləri nəinki istənilən fikir ayrılıqlarından istifadə etməyə hazırdırlar, hətta lap əvvəldən onları fəal şəkildə təhrik edirlər.
"Putin Ukraynaya qarşı davam edən aqressiv müharibədə Avropanı günahlandırdı. O, fəxrlə "Avropa binasında çatlar" və "birlik daxilində sarsılmalar" kimi ifadələr işlətdi və əlavə etdi ki, bu işdə ona Avropadakı itaətkar dostları kömək edir", - o deyib.
AK sədri Qəzza, Ukrayna, ticarət, ABŞ ilə əlaqələr, iqtisadi təhlükəsizlik, yaşayış xərcləri və s. daxil olmaqla müəyyən məsələlərlə bağlı həqiqətən narahatlıqların olduğunu etiraf edib.
Ursula fon der Lyayen bu məsələləri parlament üzvləri ilə müzakirə edəcəyinə inandıraraq, onları etimadsızlıq təklifinin əleyhinə səs verməyə çağırıb.