ABŞ-nin vitse-prezidenti: Rusiya ilə danışıqlarda Ukraynanın ərazi məsələsi əsasdır
- 22 dekabr, 2025
- 15:42
ABŞ-nin Rusiya ilə Ukrayna üzrə danışıqlarında əsas məsələ ərazi məsələsidir.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
"Mən düşünürəm ki, ruslar həqiqətən Donetsk üzərində ərazi nəzarəti istəyirlər. Ukraynalılar, əlbəttə ki, bunu ciddi təhlükəsizlik problemi hesab edirlər", - deyə vitse-prezident vurğulayıb.
Bundan əlavə, onun sözlərinə görə, danışıqlarda digər məsələlər də müzakirə olunur, xüsusilə Zaporojye atom elektrik stansiyası üzərində nəzarət.
"Nüvə qurğusunu (Zaporojye) kim nəzarət edir? O birgə nəzarət edilə bilərmi? O bir tərəfin və ya bir neçə tərəfin nəzarəti altında olmalıdırmı?" - deyə vitse-prezident bildirib.
Vens qeyd edib ki, ABŞ və Rusiya müəyyən irəliləyişə nail ola biliblər, lakin vurğulayıb ki, bu irəliləyiş sülh sazişinin imzalanmasına gətirib çıxarmaya bilər.
"Biz irəliləyişə nail olduq, lakin bu gün burada əyləşərək mən əmin deyiləm ki, biz sülh razılaşmasına nail olacağıq. Hər iki ehtimal da böyükdür", - deyə o bildirib.