Ağ Ev yaxınlığında baş verən atışmada yaralananların vəziyyəti ağırdır - YENİLƏNİB-2
- 27 noyabr, 2025
- 01:38
Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışmada güllə yarası alan Qərbi Virciniya Milli Qvardiyasının hər iki hərbçisi ağır vəziyyətdədir.
"Report"un məlumatına görə, bu barədə Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel bildirib.
Qeyd edək ki, daha əvvəl Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrissi sosial mediada hərbçilərin ölümünü açıqlayıb.
"Bu cəsur Qərbi Virciniyalılar ölkələrini müdafiə etmək üçün canlarını veriblər. İstintaq davam etdiyi müddətdə federal hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bütün ştatımız onların ailələri, yaxınları və qvardiyanın heyəti ilə birlikdə kədərlənir. Qərbi Virciniya onların xidmətlərini və fədakarlıqlarını heç vaxt unutmayacaq və bu dəhşətli hərəkətə görə tam məsuliyyət tələb edəcəyik", - o yazıb.
ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un məlumatına görə, Vaşinqtonun Polis İdarəsi bu barədə "X"də xəbər verib.
Hadisə yeri mühasirəyə alınıb. Şübhəlinin adı hələ açıqlanmır.
"Fox News" xəbər verir ki, Ağ Ev hadisədən dərhal sonra bağlanıb.
"Associated Press"in məlumatına görə, Milli Qvardiyanın iki hərbçisi və şübhəli şəxs güllə xəsarətləri alıblar. Kolumbiya Dairəsinin Yanğından Mühafizə və Fövqəladə Hallar Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vito Madjiolo, onların hər üçünün xəstəxanaya aparıldığını bildirib. Qeyd olunur ki, qvardiyaçıların hər ikisinin vəziyyəti ağırdır.
ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbi qulluqçusu güllə xəsarəti alıb.
"Report"un xəbərinə görə, bu barədə "ABC News" və "Associated Press" mənbələrə, eləcə də "Newsmax"ın jurnalisti Mayk Karter Məxfi Xidmətə istinadən məlumat yayıb.
"Atışma şəhərin 17-ci və 1-ci küçələrinin kəsişməsində baş verib", - Vaşinqtonun Polis İdarəsi "X" sosial şəbəkəsində bildirib.
Hərbçilərin səhhəti və hadisənin təfərrüatları hələ məlum deyil.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp hadisə zamanı Florida ştatında Vest Palm-Biçdə olub.
"Ağ Ev bu faciəli vəziyyətdən xəbərdardır və onu fəal şəkildə izləyir. Prezident məlumatlandırılıb", - Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.