"Şəhərsalma və Memarlıq İli" Azərbaycanın davamlı inkişaf, müasir urbanizasiya hədəflərinə sadiqliyini təsdiqləyir - RƏY
- 22 dekabr, 2025
- 17:59
Son illər Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, xüsusilə azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi göstərir ki, Azərbaycan şəhərsalma sahəsində artıq yeni mərhələyə qədəm qoyub.
Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm və təqdirəlayiq tərkib hissəsi kimi yüksək qiymətləndirilməlidir.
"Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam urbanizasiya proseslərinə sistemli yanaşmanın, müasir memarlıq dəyərlərinin və milli şəhərsalma ənənələrinin uzlaşdırılmasına verilən xüsusi önəmin bariz ifadəsidir.
Bu qərar ilk növbədə şəhər mühitinin keyfiyyətinin yüksəldilməsinə, yaşayış məkanlarının daha funksional, təhlükəsiz və estetik baxımdan cəlbedici olmasına xidmət edir", - o əlavə edib.
Deputat qeyd edib ki, "Şəhərsalma və Memarlıq İli" bu proseslərin daha da dərinləşməsi və institusional əsaslarının möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq.
"Sərəncamda Prezident Administrasiyasına tədbirlər planının hazırlanması ilə bağlı verilən tapşırıq məsələyə kompleks və koordinasiyalı yanaşmanın təmin olunacağını göstərir. Bu isə dövlət qurumları, peşəkar memarlar, şəhərsalma mütəxəssisləri və vətəndaş cəmiyyəti arasında səmərəli əməkdaşlıq üçün yeni imkanlar açır. Eyni zamanda, milli memarlıq irsinin qorunması, tarixi şəhər mühitinin müasir tələblərlə uyğunlaşdırılması və ekoloji dayanıqlılığın təmin edilməsi kimi prioritetlər bu ilin əsas istiqamətləri sırasında xüsusi yer tutacaq", - V. Qafarov bildirib.
V. Qafarov 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin Azərbaycanın davamlı inkişaf, müasir urbanizasiya və yüksək həyat keyfiyyəti hədəflərinə sadiqliyini bir daha təsdiqlədiyini diqqətə çatdırıb.
"Bu təşəbbüs yalnız bugünkü ehtiyaclara deyil, gələcək nəsillər üçün daha sağlam, estetik və funksional şəhər mühitinin formalaşdırılmasına xidmət edən strateji və uzaqgörən bir addımdır".
Milli Məclisin üzvü bu kontekstdə 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının da (WUF13) əhəmiyyətinə toxunub.
"Şübhəsiz, burada ötən il Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) yüksək təşkilatçılığı da qeyd edilməlidir. Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin təşkilati, institusional və logistika imkanlarının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir".