Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - Qərbi Azərbaycan Xronikası
- 12 sentyabr, 2025
- 00:11

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Report" xəbər verir ki, "Bakı-İrəvan Göyçə gölünün suyunun birgə istifadə edəcək?" adlı süjetdə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadan sonra İrəvanda həqiqətə uyğun olmayan iddialardan bəhs olunur.
Bildirilir ki, "Bakı Qərbi Azərbaycana qayıdış planından imtina edir", "Qərbi Azərbaycan icmasının adı dəyişdirilir" və s. iddiaların mənbəyi Ermənistan mediası, xüsusilə Paşinyan hakimiyyətinə yaxın informasiya resursları olub və bunun təsadüfi olmadığı aydındır.
Qərbi Azərbaycana qayıdışla bağlı doğru olmayan iddiaların ortaya atılmasında iki bəlli məqsəd görünür;
Birincisi, Azərbaycanla sülh sazişini paraflayan Ermənistan hakimiyyəti azərbaycanlıların qayıdış hüququnu gündəmdən çıxarmaq istəyir. İkincisi, azərbaycanlıların qayıdışının daim müzakirə olunduğu Ermənistan ictimai rəyini manipulyasiya etməyə çalışırlar.
Sonda vurğulanır ki, Ermənistanın ictimai-siyasi sferasında Qərbi Azərbaycan müzakirələri siyasi mübarizənin bir parçası olmaqla yanaşı, regionun yeni reallığından qaynaqlanır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

