Qərbi Azərbaycan Xronikası: Almatı Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Daxili siyasət
  • 03 oktyabr, 2025
  • 03:18
Qərbi Azərbaycan Xronikası: Almatı Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, "İlham Əliyevin BMT-dəki çıxışı Paşinyanı niyə narahat etdi?" adlı süjetdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərin Cənubi Qafqazın və dünyanın gələcəyi baxımından xüsusilə əhəmiyyətindən bəhs olunur.

Bildirilir ki, 2020-ci ilə qədər BMT tribunasına üç dəfə çıxaraq erməni işğalına son qoyulması çağırışları edən Prezident İlham Əliyev nəhayət, bu il sentyabrın 25-də tribunaya ədaləti bərpa edən lider kimi çıxdı və dünyaya xitab etdi. Azərbaycan Prezidenti beynəlxalq hüququ təmin edən, dünyaya ədalətin sonda zəfər çaldığı inamını qaytaran lider kimi danışdı, qlobal çağırışlarla bağlı önəmli mesajlar verdi və dünyanın üzləşdiyi problemlərin həll yollarını təqdim etdi.

BMT-də çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan isə daha çox Bakı-İrəvan arasındakı sülh danışıqlarından, Almatı Bəyannaməsindən bəhs etdi. Məlumdur ki, Ermənistan adlanan dövlətin yerləşdiyi mövcud ərazilər Qərbi Azərbaycan torpağıdır və 1920-ci illərdə ermənilərə verilib: "44 günlük müharibədən sonra Qərbi Azərbaycan məsələsi xüsusilə aktuallaşdı, eləcə də öz yurdlarından deportasiya olunmuş soydaşlarımızın geri qayıtması gündəmə gəldi. Bu məsələlər Bakı-İrəvan sülh danışıqlarının komponentlərindən biridir. Ermənistan rəhbərliyinin hansısa narahatlığı heç nəyi dəyişmir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında istədiyinə nail olub, azərbaycanlıların geri qayıtmasında hədəflərinə çatacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Almatı Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Son xəbərlər

Bütün Xəbər Lenti