Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın yeni mərhələdə strateji yol xəritəsidir - RƏY

Daxili siyasət
  • 07 yanvar, 2026
  • 10:42
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın yeni mərhələdə strateji yol xəritəsidir - RƏY

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə Azərbaycanın yeni mərhələdə qarşısına qoyduğu strateji hədəflərin aydın yol xəritəsidir.

Bu fikirləri "İslahatçı Gənclər" İctimai Birliyinin (İGİB) sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O bildirib ki, bu müsahibə ötən ilin icmalı olmaqdan daha çox, müasir dünyanın qeyri-müəyyənlikləri fonunda qalib və hədəflərimi dəqiq bilən dövlətin siyasi baxışlarının sistemli təqdimatı kimi dəyərləndirilməlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri dövlət idarəçiliyində etimad və məsuliyyət balansının xüsusi ön plana çəkilməsidir: "Dövlət başçısı açıq şəkildə nümayiş etdirdi ki, formalaşdırılan güclü siyasi və iqtisadi baza yalnız mərkəzi iradə ilə deyil, eyni zamanda bu iradəni icra edən məmurların vicdanlı fəaliyyəti ilə mənasını tapır. Prezidentin mesajı aydındır: göstərilən yüksək etimad real nəticələrlə doğruldulmalıdır".

F.Şahbazlı qeyd edib ki, müsahibədə Prezident tərəfindən ictimai nəzarətin vacibliyinə verilən mesajlar müasir dövlətçilik anlayışının mühüm elementidir. "Dövlət başçısının çıxışından bir daha aydın oldu ki, cəmiyyətin proseslərə aktiv münasibəti və iştirakı güclü dövlət modelinin vacib komponentləri sırasında yer alır. İctimai nəzarət məmur özbaşınalığının qarşısını alan, idarəetməni şəffaflaşdıran əsas mexanizmlərdən biridir", – deyə o vurğulayıb.

Fərid Şahbazlı

Siyasi şərhçinin fikrincə, Prezidentin iqtisadi suverenlik, maliyyə təhlükəsizliyi və qlobal proseslərə yanaşması Azərbaycanın artıq regional çərçivəni aşaraq beynəlxalq gündəliyin formalaşmasında təsir imkanlarına malik olduğunu göstərir. Dövlət başçısının ABŞ-da yeni administrasiya və digər güc mərkəzləri ilə münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycanın bərabərhüquqlu tərəfdaş mövqeyində olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin ordu quruculuğu və təhlükəsizlik sahəsində səsləndirdiyi fikirlər yalnız real hərbi gücümüzün ifadəsi deyil, eyni zamanda uzunmüddətli sülh strategiyasının tərkib hissəsidir. Yerli müdafiə sənayesinin inkişafı, komando birliklərinin genişləndirilməsi və "Biz hər şeyə hazırıq" mesajı regionda sabitliyin əsas təminatçısının Azərbaycan olduğunu açıq şəkildə ortaya qoyur.

Şərhçi əlavə edib ki, Prezidentin Zəngəzur dəhlizi, Orta Dəhliz və Qarabağın bərpası ilə bağlı fikirləri Azərbaycanın təkcə bu günü deyil, onillikləri əhatə edən inkişaf konsepsiyasını əks etdirir: "Təhsil, sosial ədalət, vətəndaş rifahı, milli-mənəvi dəyərlər və Azərbaycan dilinin qorunması məsələlərinə verilən xüsusi önəm isə dövlətlə cəmiyyət arasında möhkəm mənəvi bağların mövcudluğunu göstərir".

İGİB sədrinin sözlərinə görə, bu müsahibə Azərbaycanın idarəçilik modelinin möhkəm siyasi iradə və dəqiq strateji hesablamalar üzərində qurulduğunu aydın şəkildə göstərdi. Prezident İlham Əliyevin mövqeləri dövlət strukturlarının fəaliyyətinə istiqamət verən əsas prinsipləri müəyyənləşdirməklə yanaşı, cəmiyyət üçün də məsuliyyət və iştirakçılıq çağırışı mahiyyəti daşıyır. İlin əvvəlində səslənən bu yanaşmalar ölkənin inkişaf trayektoriyasının ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini nümayiş etdirdi.

Son xəbərlər

Bütün Xəbər Lenti