Bahar Muradova: Qanunvericilikdə edilən dəyişikliklər ailə stereotiplərində fərq yaradıb
- 04 noyabr, 2025
 - 10:13
 
                            
                            
                        Azərbaycanda qanunvericilikdə edilən dəyişikliklər ailə stereotiplərində fərq yaradıb.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son beş ildə ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilik bazasına ciddi diqqət yetirilib:
"Dövlət Komitəsi bu istiqamətdə bir sıra təkliflər verib. 2020–2025-ci illər ərzində qəbul edilmiş hüquqi sənədlərə 7 qanunvericilik dəyişikliyi, 11 qayda və əsasnamə, 33 rəy və təklif, 3 dövlət proqramı qəbul olunub. Bu sənədlər ailə stereotiplərinə ciddi dəyişiklik etməsə də, fərq yaradıb. Eyni zamanda, ailə-məişət məsələlərindən əziyyət çəkənlərin hüququnun müdafiəsinə kömək edib".
B.Muradova həmçinin bildirib ki, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" bu il yekunlaşacaq:
"Bu strategiyanın icrası ilə uşaq hüquqlarının müdafiəsi sahəsində orqanların fəaliyyətində də müəyyən dəyişikliklər baş verib. Məsələn, əvvəllər icra hakimiyyətləri yanında iki ayrı komissiya fəaliyyət göstərirdi. Bunlar da Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya idi. Bu təkrarlılıq aradan qaldırıldı və Dövlət Komitəsinin təklifləri əsasında qəbul olunmuş dəyişikliklərlə "Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya" yaradılıb. Eyni zamanda, Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyi Dövlət Komitəsinin nəzdində yaradıldı".
Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsində komissiyaların fəaliyyətini daha da gücləndirəcək:
"Çünki Dövlət Komitəsi xüsusilə regionlarda fəaliyyət göstərən komissiyaların işini əlaqələndirir, onları təlimləndirir, maarifləndirmə işləri aparır və gündəlik texniki dəstək göstərir. Bu baxımdan komissiyaların fəaliyyətinin də ciddi şəkildə dəyişəcəyini və uşaqlara münasibətdə praktikada vahid yanaşma təmin ediləcəyini düşünürəm".
B.Muradov, eyni zamanda növbəti il uşaqlara dair strategiyanın həyata keçirilməsi üçün digər fəaliyyət planı üzərində işləniləcəyini də söyləyib.