Mikayıl Cabbarov: "SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
- 04 noyabr, 2025
 - 15:24
 
                            
                            
                        Son 5 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəətliliyi təxminən 2 dəfədən çox artıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, son 5 il ərzində şirkətin EBITDA göstəricisi (faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) isə təxminən 3 dəfədən çox artıb.
M. Cabbarov qeyd edib ki, vergi ödənişləri ilə bağlı səslənən bəzi mülahizələr düzgün deyil: "Bu məlumatlar açıqdır. Yanaşma belə olub ki, müəssisə yalnız mənfəət vergisini ödəyir. Amma belə deyil - SOCAR tərəfindən ödənilən vergilər müxtəlif növlərdən ibarətdir. Dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması hər zaman aidiyyəti strukturların diqqətində olacaq".
Nazir həmçinin vurğulayıb ki, hər hansı şirkətin, o cümlədən SOCAR-ın fəaliyyəti ilə bağlı suallar birbaşa şirkətə ünvanlanmalıdır: "Xüsusilə deputatlar tərəfindən səslənən sualların cavablandırılacağından əminəm".