Deputat: TDT-nin nüfuzu daha da artır və yeni tərəfdaşların marağını cəlb edir
- 08 sentyabr, 2025
- 11:11

Günü-gündən Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzu daha da artır və təbii şəkildə yeni tərəfdaşların marağını cəlb edir.
Bu fikirləri Milli Məclisin üzvü, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva "Report"a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu mənada, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan dövlət başçıları arasında yüksəksəviyyəli görüşün keçirilməsi göstərilə bilər.
"Görüş həm ikitərəfli, həm də çoxtərəfli layihələrlə ölkələr və ümumilikdə region üçün müsbət nəticələri ilə yadda qaldı. Məsələn, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlıq körpüləri salındı. Eyni zamanda, azad Füzulidə qardaşlıq bağlarımızın digər bir örnəyi kimi Türkmənistan tərəfindən məscid inşa ediləcək. Beləliklə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanla yanaşı, Türkmənistan da Qarabağda yenidənqurma işlərinə öz töhfəsini verəcək".
Deputat bu kimi addımların iqtisadi əməkdaşlıqla yanaşı, həm də ölkələr arasında strateji tərəfdaşlığın və ümumiyyətlə, türk dünyasının həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayacağını düşünür.
"Türk Dövlətləri Təşkilatının təməlində süni mexanizmlər deyil, ortaq mədəni kodlar və milli dəyərlər dayanır.Bu da bir reallıqdır ki, Azərbaycan öz tarixi köklərindən, dilindən, mədəniyyətindən və birliyi qorumaq iradəsindən qaynaqlanan gücü ilə Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən birinə çevrilmişdir".
Komitə sədrinin müavini Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzvləri arasında strateji tərəfdaşlıq müqavilələri və bəyannamələrin imzalanmasına da diqqət çəkib.
"Yəni Azərbaycan bu birliyi möhkəmləndirmək üçün konkret addımlar atır. Bunlar kağız üzərində qalacaq sənədlər deyil – hər biri gələcək üçün bir yol xəritəsidir, türk dünyasının gələcəyinə verilmiş söz və ümidlərdir", - o əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.