Bütün dünya Azərbaycan xalqını müzəffər xalq kimi tanıyır – RƏY
- 19 sentyabr, 2025
- 18:02

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 20 Sentyabr-Dövlət Suverenliyi Gününün qürurunu yaşayır.
"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
"Bayramlarımız sırasına daxil olan bu əlamətdar tarix Azərbaycan dövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin növbəti parlaq qələbəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz davamlı Zəfərlərə yol açdı".
Millət vəkili vurğulayıb ki, antiterror əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

"Qondarma rejim özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası bütün ərazilərimizdə tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələdir".
Milli Məclisin deputatı bildirib ki, özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur.
"Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan xalqı yenilməz, məğrur, tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Bütün dünya Azərbaycan xalqını müzəffər xalq kimi tanıyır".