Bakıda "Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib
- 05 noyabr, 2025
- 12:00
"8 Noyabr - Zəfər Günü" ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki bağda Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası təşkil edilib.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aksiyada BŞİH-nin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
İştirakçılar aksiyanın keçirildiyi ərazini yararsız tullantılardan təmizləyərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkiblər.
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.