Aşirabad və Aşnak toponimi - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası

Daxili siyasət
  • 23 sentyabr, 2025
  • 21:53
Aşirabad və Aşnak toponimi - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "IV-V əsrlərə aid alban qalıqlarını yaşadan oba" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşirabad və Aşnak toponimi haqqında söz açılır.

Bildirilir ki, tarixi yurd yerlərimizin hiylə-hiylə mənimsənilməsi siyasəti Qərbi Azərbaycanda mövcud olan toponimlərdən yan keçməyib.

Aşirabad - Abaran mahalında, Abaran, sonralar Nairi adlandırılan rayon ərazisində kənd olub. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1972-ci il martın 15-də Nairi rayonu təşkil edilənədək kənd Əştərək rayonunun tərkibində olub. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. 1920-ci ildə sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönüblər və həmin il kəndə ermənilər də köçürülüb. 1926-1930-cu illərdə azərbaycanlılar yenə zorla köçürülüblər. Kənd 1950-ci ildə ləğv edilib və ölü kəndə çevrilib.

Aşnak - Talın mahalının Talin rayonunda kənd olub. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilib. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulub. Bura 1914-1920-cı illərdə Türkiyənin Sasun vilayətinin kəndlərindən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıdıblar. Onlar 1924-1925-cı illərdə yenə sıxışdırılaraq kənddən qovulublar. İndi burada ermənilər yaşayır.

Sonda vurğulanır ki, toponimlərin əksəriyyəti türk nəsil adı əsasında əmələ gəlib və xalqımızın bu torpaqlardakı dərin köklərini sübut edir: "Ulu tarixi məkanlarımız olan türk, oğuz yurdunun tikə-tikə doğranaraq milli ağrımıza çevrilməsi, soydaşlarımızın çəkdiyi zülm və məşəqqətlər öz dədə-baba ocaqlarından ayrı düşənlərin yaddaşından heç vaxt silinməyəcək".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 23-də saat 20:40-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Aşirabad və Aşnak toponimi - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası

Son xəbərlər

Bütün Xəbər Lenti