Antiterror əməliyyatlarının iştirakçısı: Qardaşlarımızın uğrunda şəhid olduğu bu torpaqlara zəfər yaraşır
- 08 noyabr, 2025
- 11:44
Bakıda keçiriləcək hərbi paradı izləməyə gələn 1983-cü il təvəllüdlü ehtiyatda olan zabit Ramil Bədəlov Aprel döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçısı qardaşlarının uğrunda şəhid olduğu bu torpaqlara zəfər yaraşdığını bildirib.
O, "Report"a açıqlamasında deyib ki, zəfərə gedən yolda çox yaxın dostlarını, yoldaşlarını itirsə də, bu gün keçiriləcək hərbi parad onların ruhunu şad edəcək:
"Mən Aprel döyüşlərində, Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmişəm. Bu gün Zəfərin beşilliyi münasibətilə keçirilən hərbi paradı izləyəcəyik. Bu, böyük qürur hissidir. Biz müharibədə qalib gəlmişik və qalib bir ordunun zabiti kimi hərbi paradı izləmək, əlbəttə, qürurvericidir. Sevinirik ki, doğma xalqımıza, dövlətimizə olan borcumuzu yerinə yetirdik. Bu torpağın suyunu içdiyimiz, havasını udduğumuz dövlət qarşısında vəzifəmizi icra etdik. Bizdən bunu gözləyirdilər – zəfər qazanmağı. Dost və yoldaşlarımızın uğrunda şəhid olduğu bu torpaqlara da elə zəfər yaraşardı".
R.Bədəlov beş il əvvəl Prezident İlham Əliyevin zəfər müjdəsini Qubadlıda aldığını söyləyib:
"Biz qələbəni xəbərini eşidəndə Qubadlıda idik. Artıq Ermənistan silahlı qüvvələrini Qubadlı istiqamətindən çıxarmışdıq. Əslində tapşırığımız da düşməni bu torpaqlardan çıxarmaq və sərhəddə dayanmaq idi. Həmin vəzifəni yerinə yetirmişdik. Gecə xəbər verildi ki, düşmən məğlub və təslim olub. O an nə hiss etdiyimizi sözlə ifadə etmək çox çətindir".