Yerusəlimdə Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

Biznes
  • 20 noyabr, 2025
  • 13:14
Yerusəlimdə Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

Bu gün Yerusəlimdə Azərbaycan və İsrail Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasla bağlı Azərbaycan-İsrail Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri artıq başlayıb.

Səfər çərçivəsində nazir İsrailin maliyyə naziri, Birgə Komissiyanın digər həmsədri Zeev Elkin ilə görüşüb.

Görüşdə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan–İsrail Hökumətlərarası Birgə Komissiyasının əvvəlki iclası 2023-cü ilin aprelində Bakıda, iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Koenin həmsədrliyi ilə keçirilib. Həmin iclasın yekununda tərəflər bir sıra sənədlər imzalayıblar. Bunlara ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş, 2023–2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq proqramı, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli Texnologiya İdarəsi arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə daxildir. Bundan başqa, SOCAR ilə İsrailin "Union Energy" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Azərsu" ASC ilə İsrailin milli su şirkəti "Mekorot" arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 69 milyon 643,45 min ABŞ dolları təşkil edib. Azərbaycanın İsrailə ixracı 21 milyon 472,45 min ABŞ dolları olub ki, bu da ölkənin ümumi ixracının 0,10 %-inə bərabərdir. İsraildən idxal isə 48 milyon 171 min ABŞ dolları təşkil edib və ümumi idxalın 0,25 %-ni təşkil edib.

Bu ilin birinci yarısında Azərbaycanın İsrail iqtisadiyyatına birbaşa xarici investisiyaları 542 milyon 543 min ABŞ dolları səviyyəsində olub. İllik müqayisədə investisiya həcmi 1 356 dəfə və ya 542 milyon 143 min ABŞ dolları artıb. İsrail istiqaməti Azərbaycanın ümumi birbaşa xarici investisiyalarının 40,2 %-ni təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti