Türkiyəli nazir: "Qarabağ və Şərqi Zəngəzur birgə istehsal və regional ixrac platformasına çevrilə bilər" - MÜSAHİBƏ

Biznes
  • 23 dekabr, 2025
  • 11:07
Türkiyəli nazir: Qarabağ və Şərqi Zəngəzur birgə istehsal və regional ixrac  platformasına çevrilə bilər - MÜSAHİBƏ

Türkiyənin ticarət naziri Ömər Bolat Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib. Səfər, iki qardaş ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir səfər öncəsi "Report"un Türkiyə bürosuna verdiyi müsahibədə Türkiyə-Azərbaycan ticarət əlaqələrinin mövcud vəziyyətini və ortamüddətli perspektivlərini dəyərləndirib. O, ticarət dövriyyəsinin artırılması üçün nəzərdə tutulan mexanizmlərdən, qarşılıqlı investisiya imkanlarından, Türkiyə şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə - Qarabağda həyata keçirdiyi layihələrdən, eləcə də elektron ticarət, gömrük prosedurlarının sadələşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Həmin müsahibəni oxucarımıza təqdim edirik:

- Cənab nazir, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin ortamüddətli perspektivdə artırılması üçün hansı yeni mexanizmlər nəzərdə tutulur?

- Prezidentlərimiz tərəfindən müəyyən edildiyi kimi, Türkiyə ilə Azərbaycan arasında hədəf ticarət həcmi 15 milyard ABŞ dollarıdır. Bu baxımdan bütün ikitərəfli iqtisadi fəaliyyətlərimizi məhz bu strateji hədəfə uyğun şəkildə planlaşdırırıq.

2024-cü ilin yekunlarına görə Azərbaycanla ticarət dövriyyəmiz rekord həddə - təxminən 8 milyard dollara çatıb. Bunun 3,1 milyard dolları Türkiyənin ixracı, 4,8 milyard dolları isə idxalı təşkil edir. Əsas məqsədimiz qarşılıqlı faydalılıq prinsipi əsasında ticarətimizi daha balanslı və şaxələndirilmiş şəkildə artırmaqdır.

Bu kontekstdə 2024-cü ildə əhatə dairəsi genişləndirilərək qüvvəyə minən Türkiyə-Azərbaycan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinə ciddi impuls verib. Növbəti mərhələdə isə əsas hədəf Azərbaycanla Azad Ticarət Sazişinin imzalanması və bununla da ticarət münasibətlərimizin tam liberallaşdırılmasıdır. Texniki heyətlərimiz bu istiqamətdə işlərini davam etdirir.

Bundan əlavə, Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası mexanizmi ticarət sahəsi ilə yanaşı, investisiyalardan gömrük işlərinə, enerjidən nəqliyyata, təhsildən səhiyyəyə qədər geniş spektrdə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platformadır.

Eyni zamanda Türkiyə–Azərbaycan Biznes Şurasının koordinasiyası ilə B2B formatında əlaqələrin genişləndirilməsi, hədəf sektorlar üzrə ticarət nümayəndə heyətlərinin təşkili, sərgilərdə qarşılıqlı iştirakın artırılması və KOB-ların bazara daha sürətli çıxışına imkan verən mexanizmlər üzərində işləyirik. Məqsədimiz şirkətlərimizin bir-birini daha yaxından tanıdığı, etibarın sürətlə real ticarət əlaqələrinə çevrildiyi davamlı biznes şəbəkəsi formalaşdırmaqdır.

- Bildirdiniz ki, Azərbaycanla Türkiyə arasında hədəf ticarət həcmi 15 milyard dollardır. Bu hədəfə çatmaq üçün hansı sahələr prioritet hesab olunur?

- 15 milyard dollarlıq ticarət hədəfi sadəcə iqtisadi göstərici deyil, "Bir millət, iki dövlət" prinsipinə əsaslanan strateji tərəfdaşlığımızın iqtisadi təzahürüdür.

Bu çərçivədə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin daha da genişləndirilməsi və Azad Ticarət Sazişinin imzalanması üzrə araşdırma və texniki danışıqlara başlanması xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda Qarabağın yenidən qurulması prosesində Türkiyənin podratçı və tikinti şirkətlərinin fəal iştirakı xidmət ixracımızın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Kənd təsərrüfatı, enerji, logistika və yüksək texnologiyalar sahələrində yaradılan birgə müəssisələr isə ticarətin strukturunu daha da şaxələndirir.

Bütün bu amillər onu göstərir ki, Türkiyə və Azərbaycan təkcə tranzit ölkələr kimi deyil, regionda istehsal, logistika və ticarət mərkəzlərinə çevrilmək istiqamətində ardıcıl və məqsədyönlü şəkildə irəliləyirlər.

- Zəngəzur dəhlizinin Orta Dəhliz və Bakı-Tbilisi-Qars xətti ilə inteqrasiyası Türkiyə üçün hansı əlavə üstünlüklər yaradacaq?

- Qlobal miqyasda artan geosiyasi gərginliklər enerji, ərzaq və ticarət təhlükəsizliyini ciddi şəkildə risk altına salıb. Bu mürəkkəb şəraitdə Orta Dəhliz Türkiyə üçün alternativ nəqliyyat marşrutu olmaqla yanaşı, eyni zamanda qlobal təchizat zəncirlərinin dayanıqlığını təmin edən ən etibarlı və davamlı xətlərdən birinə çevrilib. Zəngəzur dəhlizinin bu marşrutla inteqrasiyası Orta Dəhlizin Cənubi Qafqaz hissəsində onun tamamlayıcı və ayrılmaz elementi kimi yükötürmə və keçid imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Zəngəzur dəhlizinin açılması ilə mövcud Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə alternativ olaraq daha qısa və birbaşa avtomobil və dəmir yolu bağlantısı formalaşacaq. Bu inteqrasiya logistika proseslərində vaxt və xərcləri minimuma endirəcək, Türkiyə ixracatçılarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Məsafələrin qısalması və gömrük prosedurlarının sadələşdirilməsi Türkiyəyə Azərbaycan və Naxçıvan üzərindən Mərkəzi Asiya və Cənubi Qafqaz istiqamətində ticarət axınlarını şaxələndirmək imkanı verəcək. Zəngəzur dəhlizi ilə Bakı-Tbilisi-Qars xəttinin bir-birini gücləndirən və tamamlayan marşrutu Türkiyənin regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində mövqeyini daha da möhkəmləndirəcək.

Nəticə etibarilə, bu dəhlizlərin tam gücü ilə istismara verilməsi, Türkiyənin son illərdə həyata keçirdiyi iri infrastruktur investisiyaları ilə birlikdə ölkəmizin Şərq-Qərb oxunda əsas logistika və paylama mərkəzinə, eləcə də istehsal bazasına çevrilməsi hədəfinə mühüm töhfə verəcək.

- Türkiyə şirkətlərinin Azərbaycanın sənaye zonalarında və işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə maraq hansı səviyyədədir?

- Türkiyə Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri çərçivəsində 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi inteqrasiyası prosesini yaxından izləyir və fəal şəkildə dəstəkləyir. Bu baxımdan, iş adamlarımızla keçirilən bütün görüşlərdə onları Qarabağda yaradılmış sənaye zonalarına investisiya qoymağa təşviq edirik və bu imkanları prioritet istiqamətlərdən biri kimi təqdim edirik.

Azərbaycan hökumətinin həmin bölgələr üçün formalaşdırdığı geniş və hərtərəfli investisiya təşviqləri Türkiyə investorları üçün cəlbedici mühit yaradıb. Türk şirkətləri artıq Ağdam sənaye zonasında fəaliyyətə başlayıblar, eyni zamanda Ələt Azad İqtisadi Zonasında da investisiya layihələri reallaşdırılır. Qarşıdakı dövrdə bu yatırımların daha da artacağını gözləyirik.

Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş əraziləri "yaşıl enerji zona"sı elan etməsi türk şirkətləri üçün yeni perspektivlər açır. Bu bölgələrdə nəzərdə tutulan su elektrik stansiyaları, günəş və külək enerjisi layihələrinin mühüm hissəsinin Türkiyə şirkətlərinin iştirakı ilə həyata keçiriləcəyini gözləyirik.

Eyni zamanda, Türkiyə podratçı şirkətləri tərəfindən Azərbaycanda icra olunmuş 21,1 milyard ABŞ dolları dəyərində layihələrin 4,8 milyard dolları məhz işğaldan azad edilmiş ərazilərin payına düşür. Bu göstərici türk şirkətlərinin Qarabağda fəaliyyətə olan marağının həm yüksək, həm də davamlı olduğunu aydın şəkildə ortaya qoyur.

Onu da xüsusi qeyd etmək istərdim ki, Mustafa Kamal Atatürkün "Türkiyəyə açılan qapı" adlandırdığı Naxçıvan Türkiyə üçün həm tarixi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Sərhəd ticarəti çərçivəsində tətbiq etdiyimiz gömrük rüsumlarından azadolmalar, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişafına verdiyimiz dəstək bu bölgənin iqtisadi potensialının genişlənməsinə və ticarət əlaqələrinin artmasına xidmət edir.

- Qarabağ və Şərqi Zəngəzurda birgə istehsal və ixrac yönümlü layihələr gündəmdədirmi?

- Qeyd etdiyim kimi, türk şirkətləri Qarabağın azad edilməsindən dərhal sonra bölgəyə investisiya qoymağa başlayıblar. Azərbaycanın iqtisadiyyatını neft-kimya sektorundan kənarda da şaxələndirmək strategiyası çərçivəsində Türkiyə şirkətləri bölgə üçün nəzərdə tutulmuş investisiya təşviqlərindən fəal şəkildə yararlanır və Qarabağla Şərqi Zəngəzura ciddi maraq göstərirlər.

Xüsusilə Zəngəzur dəhlizinin açılmasından sonra Qarabağın logistik əhəmiyyətinin daha da artacağı gözlənilir. Bu isə bölgəni istehsal, emal və ixrac yönümlü layihələr üçün cəlbedici mərkəzə çevirir. Qarabağda fəaliyyət göstərəcək türk şirkətləri bir tərəfdən Azərbaycan iqtisadiyyatına töhfə verəcək, digər tərəfdən isə xammal idxalı və ehtiyac duyulan məhsulların tədarükü vasitəsilə Türkiyə iqtisadiyyatına da müsbət təsir göstərəcəklər.

Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur gələcək dövrdə Türkiyə-Azərbaycan birgə istehsal və regional ixrac platformasına çevrilə bilər.

- Birgə brendlərin yaradılması və üçüncü ölkələrə ixrac Türkiyə–Azərbaycan əməkdaşlığında hansı rol oynaya bilər?

- Türkiyə və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində birgə brendlərin inkişaf etdirilməsi və üçüncü ölkələrə yönəlik ixrac strategiyası ikitərəfli iqtisadi münasibətləri klassik ticarət modelindən çıxararaq qlobal rəqabətə davamlı istehsal və texnologiya əsaslı əməkdaşlıq mərhələsinə daşımağı hədəfləyir.

Bu yanaşma Türkiyənin qabaqcıl sənaye və istehsal təcrübəsini Azərbaycanın enerji resursları və strateji coğrafi mövqeyi ilə birləşdirmək üçün ciddi potensial yaradır. Beləliklə, hər iki ölkə kapitalını, texnologiyasını və təcrübəsini vahid dəyər zəncirində birləşdirə bilər.

Məsələn, Qarabağ Zəfəri ilə nəticələnən hərbi əməkdaşlıq, xüsusilə müdafiə sənayesi sahəsində birgə istehsal olunan məhsulların üçüncü ölkələrdə "etibarlı və yüksək texnologiyalı" brendlər kimi tanınmasına şərait yaradıb. Bu, həm Türkiyənin, həm də Azərbaycanın qlobal dəyər zəncirində mövqeyini gücləndirən mühüm amildir.

- Elektron ticarət və rəqəmsal gömrük sistemləri üzrə iki ölkə arasında koordinasiya hansı mərhələdədir?

- Türkiyə ilə Azərbaycan arasında ixrac məlumatlarının könüllü əsasda paylaşılmasını nəzərdə tutan "Sadələşdirilmiş Gömrük Xətti"nin (SGX) yaradılmasına dair Anlaşma Memorandumu 14 yanvar 2020-ci ildən qüvvədədir. Bu mexanizm çərçivəsində ticarətə dair məlumatlar iki ölkənin gömrük orqanları arasında elektron formada mübadilə olunur.

SGX sistemində iştirak şirkətlər üçün tamamilə könüllüdür. Mallar barədə məlumatı əvvəlcədən təqdim edən şirkətlər prioritet təhlükəsizlik rejimi, gömrük əməliyyatlarının sürətlə tamamlanması və zəruri hallar istisna olmaqla fiziki yoxlamalardan azadolma kimi üstünlüklərdən yararlana bilirlər.

Ticarət Nazirliyi olaraq Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq nəticəsində 2024-cü ilədək Türkiyə–Azərbaycan SGX mexanizmini uğurla tətbiq etmişik. Hazırda bu sistemdən iki ölkə arasında ticarət aparan çoxsaylı şirkətlər fəal şəkildə istifadə edir.

Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında "İlkin Elektron Məlumat Mübadiləsi Sistemi" barədə Saziş 31 oktyabr 2019-cu ildən qüvvədədir. Bu mexanizm tranzit daşımalar üzrə ilkin elektron məlumat mübadiləsini təmin etməklə, yüklərin risk qiymətləndirilməsinin hələ gəlişdən əvvəl aparılmasına imkan yaradır.

Bu sistem sayəsində tranzit gömrük bəyannamələri və nəqliyyatla bağlı əsas məlumatlar Türkiyə və Azərbaycan gömrük qurumları arasında elektron şəkildə ötürülür, nəticədə gecikmələr minimuma endirilir və risklər öncədən idarə olunur.

Eyni zamanda, Türkiyə, Azərbaycan və Gürcüstan arasında Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi çərçivəsində 18 avqust 2022-ci ildə "Gömrük Tranzit Prosedurlarının Sadələşdirilməsi üçün İlkin Məlumat Mübadiləsi Sazişi" imzalanıb. Hazırda üç ölkə arasında texniki hazırlıq işləri son mərhələdədir və bu mexanizmin tam tətbiqi dəmir yolu daşımalarında gömrük prosedurlarını daha da sürətləndirəcək.

Bundan əlavə, Ticarət Nazirliyimiz Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə "skan edilmiş sənədlərin real vaxt rejimində paylaşılması" üzrə yeni saziş üzərində işləyir. Layihə Dilucu–Sədərək sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin skan məlumatlarının qarşılıqlı mübadiləsini nəzərdə tutur.

Ümumilikdə, həyata keçirilən bütün bu rəqəmsal layihələr Türkiyə ilə Azərbaycan arasında, eləcə də üçüncü ölkələrə yönələn ticarət axınlarında gömrük prosedurlarının sürətləndirilməsinə xidmət edir. Bu, həm şirkətlərə vaxt və xərc baxımından üstünlük yaradır, həm də hər iki ölkənin risk qiymətləndirmə imkanlarını gücləndirərək potensial sui-istifadə hallarını minimuma endirir.

- Gömrük prosedurlarının sadələşdirilməsi ticarət xərclərini nə dərəcədə azalda bilər?

- Gömrük prosedurlarının elektron məlumat mübadiləsi mexanizmləri vasitəsilə sadələşdirilməsi şirkətlər və daşıyıcılar üçün əhəmiyyətli vaxt və xərc qənaəti yaradır. "Sadələşdirilmiş Gömrük Xətti", Tranzit Məlumat Mübadiləsi Sistemi, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi çərçivəsində ilkin məlumat mübadiləsi, eləcə də skan edilmiş təsvirlərin paylaşılması kimi mexanizmlər gömrük proseslərini daha sürətli və proqnozlaşdırıla bilən edir.

Bu yanaşma gömrük nəzarətinin təhlükəsiz mühitdə, daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə imkan verir. Daşınmalarda gecikmələrin qarşısının alınması logistika planlaşdırması, müştəri məmnuniyyəti və ticarətdə qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə "vaxtında istehsal" prinsipi ilə çalışan müəssisələr üçün vaxtında çatdırılma tədarük zəncirinin dayanıqlılığı və istehsal planlaşdırılması baxımından həlledici faktordur.

Bu məqsədlə Ticarət Nazirliyimiz Azərbaycan Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq edir. Gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həm ikitərəfli, həm də regional səviyyədə müxtəlif mexanizmlər formalaşdırılır.

Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında gömrük sahəsində yaranan məsələlərin operativ həlli üçün Birgə Gömrük Komitəsi yaradılıb və bu yaxınlarda Komitənin 5-ci iclası keçirilib. Bundan əlavə, TDT Gömrük İdarələri Rəhbərlərinin toplantıları, eləcə də Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli Birgə Gömrük Komitəsi çərçivəsində azərbaycanlı həmkarlarımızla müntəzəm koordinasiya aparılır.

Digər tərəfdən, Azərbaycanın TIR Beynəlxalq Yük Daşımaları sistemində fəal iştirakı regional ticarətin asanlaşdırılması, sərhəd keçidlərinin sürətləndirilməsi və gömrük prosedurlarının modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. TIR Konvensiyasına qoşulan ölkələr arasında tranzit əməliyyatları daha sürətli, təhlükəsiz və səmərəli şəkildə həyata keçirilir.

Beynəlxalq qaydalara uyğunluq daşıyıcılar üçün marşrutların cəlbediciliyini artırır. Bu uyğunluq səviyyəsi yüksəldikcə, Azərbaycan regional nəqliyyatda daha strateji mövqeyə sahib olur. Azərbaycan vasitəsilə Asiyanın daxili bölgələrinə və digər türk dövlətlərinə çıxış, Türkiyə üzərindən isə Aralıq dənizi və Avropa bazarlarına birbaşa bağlantı mümkündür. Bu geosiyasi üstünlüklərdən səmərəli istifadə etmək ticarət axınlarının təhlükəsiz və sürətləndirilmiş şəkildə təşkilinə şərait yaradır.

Bundan əlavə, TIR Konvensiyasının 11-ci Əlavəsi ilə hüquqi əsası yaradılan e-TIR sisteminin tətbiqi gömrük prosedurlarının tam rəqəmsallaşdırılmasına imkan verir. Ticarət Nazirliyi olaraq BMT ilə əməkdaşlıq çərçivəsində e-TIR üzrə inteqrasiya işlərinə başlamışıq və prosesi qısa müddətdə başa çatdırmağı planlaşdırırıq. Azərbaycanın da e-TIR sisteminə inteqrasiyanı tamamlamasını müsbət qiymətləndiririk.

Regional əməkdaşlığın mühüm nümunəsi kimi, 15 yanvar 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında e-TIR-ın geniş tətbiqi üzrə Fəaliyyət Planı imzalanıb və icraya başlanılıb. Azərbaycanın bu prosesdə fəal iştirakı ticarətin asanlaşdırılması və regiondaxili inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti