Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının idarəetməsi AzMİ-yə ötürülüb
- 19 dekabr, 2025
- 11:59
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının idarə edilməsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Metrologiya İnstitutuna (AzMİ) ötürülüb.
"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı AzMİ ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidməti arasında ölçmələrin dəqiqliyinin və istehlakçı hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə müqavilə imzalanıb.
Sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçıları, həmçinin sənaye müəssisələrinin istifadə etdiyi su sayğacları yoxlanılır. Bundan əlavə, su sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.
Təbii inhisar subyekti olan su təchizatını həyata keçirən müəssisənin su sayğaclarının yoxlanılması fəaliyyətini müstəqil tərəfə ötürməsi rəqabət siyasəti baxımından mühüm əhəmiyyətə malikdir. Laboratoriyanın AzMİ-nin idarəetməsinə verilməsi həmçinin ölçmə vasitələrinin yoxlanılması prosesinin effektiv təşkilinə, xidmət keyfiyyətinin və ümumi metroloji nəzarət sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Ölçmələr zamanı düzgün nəticələrin əldə edilməsi isə məişət istehlakçıları və sahibkarların hüquq və mənafelərinin etibarlı müdafiəsinə, onlar arasında qarşılıqlı etimada əsaslanan mühitin formalaşmasına töhfə verəcək.
2024-cü ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə məxsus Sayğacların müayinəsi laboratoriyası və "Azərişıq" ASC-nin Sayğacların test-təmir laboratoriyası AzMİ-nin idarəetməsinə verilib.