Stef Qoris: "Orta Dəhlizlə maraqlanan Belçika şirkətlərinin sayı artır" - MÜSAHİBƏ

Biznes
  • 12 sentyabr, 2025
  • 13:04
Stef Qoris: Orta Dəhlizlə maraqlanan Belçika şirkətlərinin sayı artır - MÜSAHİBƏ

Belçika Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu məqsədi irəli aparmaq üçün ötən ilin sonunda Belçika-Azərbaycan Ticarət Palatası yaradılıb və qısa fəaliyyət müddətində müəyyən nəticələr əldə edilib. Sentyabr ayında palata üzvləri Bakıya növbəti dəfə səfər ediblər.

Palatanın sədri Stef Qoris "Report"a müsahibəsində missiyanın nəticələri və BELGAZERCOM-un növbəti planları barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Missiya çərçivəsində hansı razılaşmalar əldə olunub?

- Fevralda Belçika-Azərbaycan Ticarət Palatası BELGAZERCOM Bakıya ilk ticarət missiyasını təşkil edib. O zaman əsas məqsəd əməkdaşlığın necə qurulacağı, Azərbaycanın dövlət və rəsmi qurumları ilə imkanları müzakirə etmək, bazarı öyrənmək idi. Bu, kifayət qədər uğurlu bir missiya oldu.

Hazırkı missiya məhz B2B görüşlərinə, Azərbaycan və Belçika sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına yönəlmişdi. Konkret praktiki nəticələr əldə etmək, belçikalı və azərbaycanlı iş adamları arasında əməkdaşlıq istəyirdik. Missiyanın yekunları üzrə beş rəsmi saziş imzalamaq mümkün oldu.

Məsələn, soyuq sinklənmə ilə məşğul olan Belçika şirkəti "Zingametall" (Zinga) artıq 120 ölkədə fəaliyyət göstərir. O, indiyə qədər Azərbaycanda təmsil olunmayıb. Biz əvvəlcədən potensial tərəfdaşları müəyyən edərək hazırlıq işləri apardıq. Nəticədə optimal namizəd – "Zinga" məhsullarının distribütoru olmağa razılaşan Azərbaycan şirkəti "Polad Texno"nu tapdıq. Saziş artıq imzalanıb, hüquqşünaslar təfərrüatları işləyirlər.

Bundan əlavə, istehlakçılarla görüşlər təşkil etdik. Xüsusilə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində keçirilən təqdimatımızdan sonra Belçikanın satınalma komitələrindən biri "Zinga" ilə pilot layihəni nəzərdən keçirməyi təklif etdi. Oxşar danışıqlar "Baku Steel Company" və bir sıra digər müəssisələrlə də aparıldı. Təşəbbüs bizdən gəlsə də, Azərbaycan şirkətləri böyük maraq göstərdilər. Həmin vaxt "Zinga"nın baş direktoru pilot layihə həyata keçirməyi təklif etdi. Buraya materiallar və mütəxəssislər təmin etmək daxil idi. Bununla onlar yerində texnologiyanı göstərə biləcəkdilər. Şirkətlər məhsulu test edə biləcək və bundan sonra qərar verəcəklər. Biz Azərbaycanın şirkətlərinin pilot layihələrin həyata keçirilməsinə razı olmasına çox şad olduq.

- Azərbaycan və Belçika arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

- Təkcə mənim deyil, həm də ölkələrimizin hökumətlərinin qiymətləndirmələrinə görə, indiyə qədər iqtisadi əlaqələrin səviyyəsi kifayət qədər olmayıb. Lakin indi vəziyyət dəyişməyə başlayıb.

Cəmi 9 ay əvvəl biz Belçika-Azərbaycan Ticarət Palatasını yaratdıq və artıq bu qısa müddətdə konkret nəticələr əldə edə bildik. Bu yalnız ilk addımdır. 2026-cı ilin yazında belçikalı şirkətlərə indiki səfərin nəticələrini göstərmək və əməkdaşlığa daha çox iştirakçı cəlb etmək üçün yeni missiya planlaşdırırıq.

İkitərəfli əməkdaşlığa dair daha bir neçə nümunə gətirəcəyəm. Azərbaycanın "Fors LLC" şirkəti Belçikanın "Umicore" korporasiyası – emal və nadir torpaq metalları sahəsində dünya lideri ilə razılaşma imzalayıb. "Umicore"un müştərisi olmaq son dərəcə çətindir, lakin Palatanın vasitəçiliyi sayəsində bu mümkün oldu. Artıq praktiki əməkdaşlıq aparılır. Bu bizim əvvəlki missiyamızın nəticəsidir.

Bundan əlavə, logistikaya xüsusi diqqət yetirilir. Dəniz daşımalarındakı problemlər səbəbindən getdikcə daha çox belçikalı şirkətlər Orta Dəhlizə diqqət yetirirlər. Buraya sığorta xərclərinin artması və təhlükəsizlik məsələləri, Qırmızı dənizdəki problemlər daxildir. Missiya çərçivəsində Belçika logistikasında ən böyük şirkətlərdən biri olan "Move Intermodal" tərəfdaş axtarışında Bakıya gəlib. Nəticədə dərhal iki tərəfdaş – "Soyuzcontact" (dəmir yolu daşımaları) və "Hellmann Worldwide Logistics" (avtomobil daşımaları üzrə ixtisaslaşıb) şirkətləri tapıldı. Hələ ki, yalnız niyyət məktubu imzalanıb. Çünki iki gün ərzində birgə müəssisə haqqında yekun mətnli saziş hazırlamaq mümkün deyil. Lakin əməkdaşlıq artıq inkişaf etməyə başlayıb.

- Palatanın gələcək planları nədir?

- Sabah (sentyabrın 12-də - red.) Belçikaya qayıdırıq. Lakin qarşıda çox işimiz var. Biz Azərbaycan şirkətlərindən konkret sənaye həlləri axtaran bir sıra sorğular aldıq. Biz hər şeyi qeydə aldıq. Əminəm ki, bu istiqamətlərin bir çoxu üzrə həllər təklif edə biləcəyik.

Belçikaya qayıtdıqdan sonra şirkətlərimizlə əlaqə saxlayacağam. Onları azərbaycanlı tərəfdaşların sorğuları barədə məlumatlandıracağam və hansı həllərin daha uyğun olacağını müəyyənləşdirməyə çalışacağam. Ticarət Palatası olaraq vəzifəmiz Belçika və Azərbaycan şirkətləri arasında vasitəçi olmaq, lazımi həlləri tapmağa və onları praktik layihələrə çevirməyə kömək etməkdir. Yazda qayıtdıqda, bu istiqamətlər üzrə konkret nəticələr təqdim etməyi ümid edirik. Onu dəqiq deyə bilərəm ki, sorğular çoxdur və qarşıda kifayət qədər işimiz var. İlk uğurlardan sonra dayanmaq deyil, yeni səviyyəyə yüksəlmək istəyirik.

- Palatanın fəaliyyətində iştirak etmək üçün Azərbaycan şirkətlərindən müraciətlər varmı?

- Hazırda 6-7 şirkət Palatanın (Azərbaycan şirkətləri - red.) üzvüdür. Ancaq missiya çərçivəsində keçirilən görüşlərdən sonra bir sıra şirkətlərdən Palataya üzv olmağa hazır olduqlarını eşitdim. Danışıqların sonunda "Palatanın üzvü olmaq istərdinizmi?" sualını verirdim və müsbət cavablar aldım. İndi bu şirkətlərin siyahısını tərtib etməli, onlara rəsmi dəvətlər göndərməliyik. Daha sonra onlar bizə qoşulacaqlar. Beləliklə, şirkətlərin sayı artacaq.

- Belçika və Azərbaycan arasında münasibətlərin inkişafında Palatanın rolunu necə qiymətləndirirsiniz?

- Mənim fikrimcə, ikitərəfli münasibətlər siyasət, mədəniyyət, idman və iqtisadiyyat kimi müxtəlif sahələri əhatə edə bilər. Eyni zamanda, məhz iqtisadi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki o, insanları hər iki ölkənin iqtisadiyyatına xidmət edən yeni əlavə dəyərin yaradılması prosesində birləşdirir. İqtisadi artım həyat səviyyəsinin yüksəldilməsinin əsasını təşkil edir. Yeni iş yerləri, daha yaxşı sosial-iqtisadi standartlar, rifahın artması - bütün bunlar ikitərəfli iqtisadi əlaqələrin inkişafı sayəsində mümkündür. Buna görə də biz bu istiqamətə ciddi diqqət ayırır və səylə çalışırıq.

Son xəbərlər

Bütün Xəbər Lenti