Sənaye parklarının rezidentləri 11 milyon manata yaxın vəsaitə qənaət ediblər
- 14 oktyabr, 2025
- 14:39

Azərbaycanda sənaye parklarının rezidentləri 11 milyon manata yaxın vəsaitə qənaət ediblər.
Bunu "Report"a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımlı Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda forumdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur.
E. Kazımlı qeyd edib ki, bu ilin 1 oktyabr tarixinədək Ağdam və "Araz Vadisi" sənaye parklarının rezidentlərinə 232 təsdiqedici sənəd təqdim olunub: "Bu sənədlər əsasında sahibkarlar idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər. Təkcə bu ilin ilk doqquz ayında 133 təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4,2 milyon manat qənaət imkanı yaradıb".
O həmçinin vurğulayıb ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən böyük güzəştlərdən faydalanırlar: "Rezident sahibkarlar 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən azaddırlar. Bundan əlavə, istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı da ƏDV və gömrük rüsumları ödənilmir".
Onun sözlərinə görə, təqdim edilən güzəştlər və təsdiqedici sənədlər sahibkarlara mühüm maliyyə üstünlükləri qazandırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə sənaye fəaliyyətinin stimullaşdırılmasına da xidmət edir.