IEA: Azərbaycan sentyabrda "OPEC+" kvotasından gündəlik 100 min barel geri qalıb
- 14 oktyabr, 2025
- 17:09

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 0,45 milyon barel təşkil edib.
"Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir ki, bu, avqust ayının göstəricisi ilə müqayisədə 10 min barel azdır.
IEA analitiklərinin hesablamalarına görə, sentyabrda Azərbaycanda gündəlik neft hasilatı "OPEC+" sazişi çərçivəsində plandan gündəlik 100 min barel geri qalıb.
Bundan əvvəl OPEC-in aylıq hesabatında bildirilib ki, sentyabr ayında Azərbaycanda orta gündəlik neft hasilatı sutkada 0,460 milyon barel təşkil edib. Kvotadan geri qalma 90 min barel olub.
Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.