Orxan Nəzərli: "İqtisadiyyatın şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsi əhəmiyyətlidir"
- 17 oktyabr, 2025
- 13:18

Azərbaycan iqtisadiyyatının şəffaflaşmasında vergi sistemi, şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsi və nəticəyönümlü idarəetmə əhəmiyyətlidir.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Estoniyanın paytaxtı Tallində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) "Real vaxt iqtisadiyyatının inkişafı və vergi idarələri" mövzusunda 6-cı Beynəlxalq Konfransında "Azərbaycan Respublikasında vergi əsaslı iqtisadi fəaliyyət ölçüsünün tətbiqi" mövzusunda videoformat rejimindəki çıxışında bildirib.
O. Nəzərli Xidmətin mövcud baza məlumatlarından istifadə edilməklə iqtisadi aktivliyin ölçülməsi və iqtisadiyyatın şəffaflıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı həyata keçirilən layihə barədə məlumat verib. O, bildirib ki, iqtisadi fəallığın operativ ölçülməsi, artım tendensiyasının dinamik izlənilməsi, şəffaflıq səviyyəsinin davamlı qiymətləndirilməsi zərurəti getdikcə artır. Bu, idarəetmənin effektivliyinin yüksəldilməsi və əsaslandırılmış iqtisadi qərarların qəbuluna mühüm töhfə verir.
Təqdimatda layihənin əsas istiqamətləri, Xidmətin məlumat bazasından səmərəli istifadə ilə aparılan təhlillər, "Vergi əsaslı iqtisadi qiymətləndirmə" göstəricisinin hesablanması", "İqtisadiyyatın ağarması vəziyyətinin qiymətləndirilməsi" mərhələləri barədə ətraflı məlumat təqdim olunub. Layihə çərçivəsində beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq mühitində görülən işlər, aparılan təhlillər və təkmilləşdirmə tədbirləri diqqətə çatdırılıb. Eyni zamanda, iqtisadiyyatın şəffaflaşmasında vergi sisteminin rolu, şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsinin və nəticəyönümlü idarəetmənin əhəmiyyəti vurğulanıb.
Konfransın ilk günündə "Estoniyada real vaxt rejimində iqtisadi ekosistemin yaradılması", "Real vaxt iqtisadiyyatı və vergitutma üzrə beynəlxalq perspektivlər", "Real vaxt rejimində vergi əməletməsinə gedən yol: qabaqcıl təcrübələr və gələcəyə uyğun həllər", "Texnologiya və biznes perspektivləri", "Keçid keysləri və tətbiq mexanizmləri", "Biznesin cəlb edilməsi", "Təkmil data analizi və dəyişikliklərin idarə edilməsi" və "Real vaxt iqtisadiyyatı və gəlirlərin təminatı üzrə əməli nümunələr" mövzularında sessiyalar təşkil olunub.
Konfrans çərçivəsində "Real vaxt rejimində vergi əməletməsi həlləri" sərgisi təşkil edilib. Burada vergi əməletməsinin yüksəldilməsinə yönəlmiş müasir yanaşmalar və təcrübələr nümayiş olunur. Konfrans müddətində vergi administrasiyalarının real vaxt iqtisadiyyatının formalaşmasında rolu, bu ekosistemə dəstək və inkişaf perspektivləri müzakirə edilib.