Orxan Məmmədov: "Kiçik biznesə kiberhücum domino effekti yarada bilər"

Biznes
  • 09 oktyabr, 2025
  • 11:36
Orxan Məmmədov: Kiçik biznesə kiberhücum domino effekti yarada bilər
Orxan Məmmədov

Kiçik biznesə kiberhücum domino effekti yaratmaqla digər KOB-lara, onlardan iri müəssisələrə və hətta dövlət qurumlarına və kritik infrastruktura keçə və zərər yetirə bilər.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (Critical Infrastructure Defence Challenge-CIDC 2025) kibertəhlükəsizlik festivalı çərçivəsində təşkil olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, iri müəssisələrlə müqayisədə məhdud resurslar şəraitində fəaliyyət göstərən KOB subyektləri çox zaman yüksək xərc tutumlu təhlükəsizlik texnologiyalarını almağa və ya işçi heyəti üçün müvafiq sahədə təlimlər təşkil etməyə lazımı zaman və ya büdcə ayıra bilmirlər: "Hətta əksər hallarda onlar potensial təhlükənin mövcud olmasından belə xəbərsiz olurlar. Bu isə kənar qeyri-dost qüvvələrin asanlıqla istifadə edə biləcəyi boşluqlara gətirib çıxara bilir. Nəticədə isə, KOB subyektlərinin kibertəhlükəsizlik zəifliyi bütövlükdə iqtisadiyyatın həssaslığına səbəb ola bilir".

O.Məmmədov qeyd edib ki, KOB-ların effektiv və praktik kibertəhlükəsizlik həlləri ilə təmin edilməsi milli səviyyədə dayanıqlılıq üçün mühüm əhəmiyyət kəsb edir: "Bunun üçün kiber müdafiə məsələsinə kollektiv yanaşma tələb olunur. Yəni, kiçik bizneslər üçün münasib və onların tətbiq edə biləcəyi həll yollarının işlənib hazırlanması üçün səylərin birləşdirilməsi vacibdir. CİDC 2025 tədbiri də bunun üçün geniş imkanlar təmin edir. Kiber sahə üzrə demək olar ki, bütün maraqlı tərəflərin bir araya gəlməsi təcrübə mübadiləsinin aparılması, yeni çağırışlarla bağlı məlumatların paylaşılması və risklərə qarşı adekvat hazırlıq səviyyəsinin formalaşdırılması üçün faydalı platforma təmin edir".

O.Məmmədov hesab edir ki, kiber təhlükələrə qarşı effektiv mübarizə aparmaq üçün dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və resurslarının səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir: "Bir tərəfdən, dövlət kibertəhlükəsizlik sahəsində karyera-inkişaf məsələlərini stimullaşdırmaq üçün təşviq tədbirlərini daha da gücləndirə bilər. Digər tərəfdən isə, iri şirkətlər korporativ sosial məsuliyyət öhdəliyindən çıxış edərək kiber təhlükəsizliyin gücləndirilməsi üçün həll yollarının hazırlanması və bacarıqların artırılması prosesini maliyyələşdirə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti