Korporasiya rəhbəri : "Azərbaycan halal sənayesinin inkişafında prioritet sahələr müəyyən etməlidir"
- 09 oktyabr, 2025
- 16:44

Azərbaycan halal sənayesinin inkişafında prioritet sahələr müəyyən etməlidir.
Bunu "Report"a açıqlamasında Malayziyanın Halal İnkişaf Korporasiyasının baş icraçı direktoru Hairol Ariffein Sahari bildirib.
Onun sözlərinə görə, halal ayrıca bir sənaye deyil, bir "dəyər təklifi"dir: "Azərbaycan hökuməti qərar verməlidir ki, halal çərçivəsində hansı sahələrə üstünlük verəcək. Məsələn, Malayziyada əsas diqqət palma yağı məhsulları, qida və içkilər, kosmetika, şəxsi qulluq və farmasevtika sahələrinə yönəldilir. Azərbaycanda da potensial sahələr müəyyən edilməlidir; məsələn, qida sektoru, balıqçılıq və digər uyğun sahələr".
Qonaq vurğulayıb ki, hazırda rəhbərlik etdiyi korporasiya İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir: "Biz "Qlobal Halal Ekosistemi İqtisadi Hesabatı" layihəsini təqdim etmişik. Bu layihə vasitəsilə hər bir ölkədə halal ekosistemin mövcud vəziyyəti qiymətləndirilir. Yəni, hansı sahələrdə halal dəyər təklifi vasitəsilə iqtisadiyyat gücləndirilə bilər və hökumət üçün halal yeni iqtisadi artım mənbəyinə çevrilə bilər".
O qeyd edib ki, Azərbaycan təbii sərvətlər və kənd təsərrüfatı imkanları ilə zəngin ölkədir, bu da onun halal sektorda potensialını artırır. Buna görə Malayziya bu regionda halal ticarət-investisiya imkanlarının yaradılmasında maraqlıdır.
Azərbaycanla Malayziya arasında bu sahədə əməkdaşlıq imkanlarına toxunan H.A.Sahari bildirib: "Malayziyadan çox az sayda halal şirkət Azərbaycana investisiya qoyur. Amma başlamaq üçün gec deyil. Buna görə Malayziya Halal Biznes Forumuna qoşulub, Azərbaycan hökumətinin təqdim etdiyi imkanları araşdırmaq və öz təcrübəmizi paylaşmaq niyyətindədir. Biz halal təlim, məsləhət və konsaltinq xidmətləri təklif etməyə hazırıq".
O əlavə edib ki, gələcəkdə Azərbaycan öz halal iqtisadiyyatını formalaşdırdıqda, bu, artıq ölkənin iqtisadi gündəliyinin ayrılmaz hissəsinə çevrilməlidir: "O zaman Malayziya və Azərbaycan hökumətləri ikitərəfli müzakirələr vasitəsilə halalın hər iki ölkəyə iqtisadi fayda gətirməsini təmin edə bilərlər. Azərbaycan hökuməti üçün vacibdir ki, halal artıq kiçik və ya ikinci dərəcəli məsələ kimi deyil, əsas gündəlik olaraq qəbul edilsin.
"Əsas məsələ halal təlim və məsləhət xidmətlərindən faydalanmaqdır. Hökumət Malayziyanın təcrübəsindən istifadə edə bilər. Biz İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Anlaşma Memorandumu imzaladıq. Məqsədimiz Azərbaycanda halal biznesin inkişafını təşviq etmək və sənaye iştirakçılarının halal standartlara uyğunluğunu artırmaqdır",-deyə baş içraçı direktor qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda sertifikatlı halal şirkətlərin və ixracatçıların sayını artırmaq mümkündür: "Yaxın gələcəkdə ölkədə yerli, müsəlman sahibkarlara məxsus halal brendlər yaranacaq".
H.A.Sahari onu da deyib ki, 2027-ci ildə qlobal halal bazarının dəyərinin 3 trilyon ABŞ dollarına çatacağı gözlənilir: "Bu rəqəmin artırılması üçün vahid yanaşma olmalı, halal gündəliyi sosial-iqtisadi inkişafla birbaşa əlaqələndirilməlidir. 4 məsələ - halal investisiya, halal ticarət, halal keyfiyyətli məşğulluq və halal dürüstlük (bütövlük) diqqət mərkəzində olmalıdır. Bu istiqamətlərdə birgə hədəflərlə hərəkət etmək təklif və tələb fərqini azaltmağa imkan verəcək".
O vurğulayıb ki, qlobal halal bazarında hazırda ən böyük problem təchizat zəncirinin qırılmasıdır: "Dünyada təxminən 2 milyard müsəlman yaşayır, lakin sertifikatlaşdırılmış halal məhsullara çıxış imkanları 20 %-dir. Buna görə Azərbaycan hökumətinə tövsiyə olunur ki, halal sənayesini inkişaf etdirərək ixrac bazarına yönəlsin. Həm müsəlman, həm də qeyri-müsəlman ölkələrdə yaşayanlar üçün halal məhsullara çıxışı təmin etmək Azərbaycan üçün prioritet ola bilər".