Əfqanıstanla sərhəddə atışma davam edir, Pakistan PUA və təyyarələrini havaya qaldırıb - YENİLƏNİB
- 12 oktyabr, 2025
- 00:50

Pakistan Əfqanıstanla sərhədində Taliban yaraqlılarının hücumunu dəf etmək üçün təyyarə və pilotsuz uçuş aparatlarını havaya qaldırıb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, silahlı toqquşmalar Anqor-Adda, Badjaur, Kurram, Dir, Çitral (Xeyber Paxtunxva əyaləti) və Baram-Çah (Bəlucistan əyaləti) şəhərlərində baş verib.
Təhlükəsizlik mənbələri Əfqanıstan qüvvələrinin böyük itki verdiyini bildiriblər.
Bundan başqa, artilleriya, tanklar, yüngül və ağır silahlar, təyyarələr və pilotsuz uçuş aparatlarından istifadə etməklə Əfqanıstandakı yaraqlıların bazalarına zərbələr endirilir.
"İŞİD terrorçularının Əfqanıstanda Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən düşərgələrinə və sığınacaqlarına zərbələr endirilir və Taliban bir neçə bölgədən geri çəkilib", - Pakistan Dövlət Radiosu xəbər verib.
Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
"Report" xəbər verir ki, bu barədə "Daily Pakistan" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.
"Təhlükəsizlik qüvvələri qarşı tərəfə qəti və effektiv cavab verib, hücum edənləri geri çəkilməyə məcbur ediblər",- deyə xəbərdə vurğulanıb.
Əfqanıstan tərəfi ölənlərin cəsədlərini ərazidə qoyaraq geri çəkilib, beş əfqan hərbçinin isə həlak olduğu bildirilib.
Toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verib. Pakistan qüvvələri iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv edib.