KOBİA Türkiyənin ən böyük texnologiya parkı ilə "yaşıl keçid" üzrə əməkdaşlığa başlayır
- 08 oktyabr, 2025
- 11:26

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin "Bilişim Vadisi" texnoparkı "yaşıl keçid" sahəsində birgə əməkdaşlıq aparmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu "Bilişim Vadisi"nin baş meneceri Erkam Tüzgen II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündə keçirilən "Qlobal "yaşıl keçid" diskursunda KOB-ların rolunun artırılması: KOB-ların "yaşıl keçid"i üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, dünən KOBİA ilə "Bilişim Vadisi" arasında əməkdaşlıq müqaviləsi imzalanıb:
"Azərbaycandakı digər institutlarla da tərəfdaşlıqlarımız mövcuddur və ümid edirəm ki, bu əməkdaşlıqlar daha da genişlənəcək".
E.Tüzgen qeyd edib ki, "Bilişim Vadisi" Türkiyənin ən böyük texnologiya parkıdır:
"Biz innovasiya mərkəziyik. Startaplar və KOB-lar iqtisadiyyatın əsas dayağı olmaqla yanaşı, həm də "yaşıl keçid"in ən güclü hərəkətverici qüvvələrindən biridir. Onların çevikliyi və innovasiya potensialı bu prosesi sürətləndirir. Məqsədimiz KOB-ları beynəlxalq imkanlarla bir araya gətirmək və onları qlobal innovasiya ekosisteminə inteqrasiya etməkdir".
O vurğulayıb ki, KOB-lar və startaplar qlobal iqtisadiyyata böyük töhfə versələr də, onların fəaliyyəti çox vaxt yerli səviyyədə qalır:
"Bakı Bəyannaməsi bu məsələyə diqqət çəkir. Yerli qəhrəmanları qlobal səviyyədə tanıtmaq üçün platformalar yaratmalıyıq. Xüsusilə təmiz enerji və mobillik sahələrində kiçik innovatorlarla böyük şirkətlər arasında əməkdaşlıq innovasiyanı daha da sürətləndirir. Beləliklə, bir startap tədricən yerli səviyyədən beynəlxalq oyunçuya çevrilə bilər".
E. Tüzgen əlavə edib ki, KOB-lar və startaplar iqtisadi proseslərlə yanaşı, həm də qlobal strategiyaların formalaşmasında iştirak etməlidirlər:
"‘Bilişim Vadisi" olaraq biz G20-nin Startup20 təşəbbüsündə iştirak edirik. Bu kimi platformalar vasitəsilə KOB-ların qlobal iqlim müzakirələrində səsi daha çox eşidilməlidir. Onlar bazarlara inteqrasiya olunduqca və səsləri siyasətdə əks olunduqca, dayanıqlı inkişafın əsas iştirakçılarına çevrilirlər".
Xatırladaq ki, KOB-ların "yaşıl keçid"ini dəstəkləmək məqsədilə "Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"ni COP29 çərçivəsində KOBİA irəli sürüb. Bəyannamənin məqsədi qlobal müstəvidə KOB-ların "yaşıl transformasiyası"nı asanlaşdırmaq və bu sahədəki çətinliklərin aradan qaldırılmasıdır. Artıq sənədə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.