KOBİA süni intellektə əsaslanan biznes analitikası sisteminin inkişafını nəzərdən keçirir
- 24 oktyabr, 2025
- 11:44
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunda daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsaslanan biznes analitikası sisteminin yaradılması üzərində düşünür.
"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, KOBİA süni intellekt sahəsindəki qlobal trendlərdən kənarda qalmır və fəaliyyətini iki əsas istiqamət üzrə qurub:
"Birinci istiqamət süni intellektə əsaslanan həllərin agentliyin daxili biznes proseslərinə və KOB-lara yönəlmiş xidmət alətlərinə inteqrasiyası ilə bağlıdır. Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Portalda rəqəmsal mühitdə süni intellekt üzərindən ‘biznes bələdçisi" alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə, həmçinin, KOB sektorunda qiymətləndirmə və strateji qərarların qəbuluna dəstək üçün süni intellektə əsas biznes analitikası sisteminin inkişafı istiqamətində addımlar atılacaq".
O. Məmmədov əlavə edib ki, KOBİA-nın ikinci istiqaməti süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviqinə yönəlib:
"Bu istiqamətdə həm mövcud dəstək mexanizmləri, həm də tərəfdaş qurumlarla birgə layihələr çərçivəsində tədbirlər həyata keçirilir. KOB-lar cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və bu sahədə bacarıqlarını artırmaq potensialına malikdir. Hazırda ölkədə muzdlu işçi qüvvəsinin 44 %-i KOB sektorunda çalışır. Bu, geniş əhali kütləsinə çıxış və təsir imkanı baxımından mühüm göstəricidir. Düşünürəm ki, süni intellekt təşəbbüsləri həyata keçirilərkən bu amil mütləq nəzərə alınmalıdır".