Azərbaycanda süni intellekt üzrə beynəlxalq standartların qəbulu təklif olunur
- 24 oktyabr, 2025
- 13:43
Azərbaycanda süni intellekt üzrə beynəlxalq standartlar qəbul olunmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka – insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda süni intellektin tətbiqinə dair institusional və texnoloji standartların qlobal təcrübələrlə uyğunlaşdırılması vacibdir:
"Artıq dörd beynəlxalq standart qəbul olunub və ictimaiyyətin istifadəsinə təqdim edilib. Bununla belə, süni intellekt sahəsində yeni normativ bazanın formalaşdırılması və standartların tətbiqi prosesinin davam etdirilməsi əsas çağırışlardan biri olaraq qalır".
S.İmaməliyev bildirib ki, ən mühüm məsələlərdən biri institusional və texnoloji standartların qəbuludur: "Bu, həm idarəetmə, həm də iqtisadi artım sahələrində vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün zəruridir".