Jalə Hacıyeva: "Azərbaycanda mikromaliyyə bazarının 25 %-i İslam maliyyəsinə yönələ bilər"
- 23 oktyabr, 2025
- 17:32

Azərbaycanın mikromaliyyə bazarının 25 %-ə yaxını İslam maliyyə məhsullarına üstünlük verə bilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) direktoru Jalə Hacıyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda İslam maliyyəsinin prinsiplərinə əsaslanan etik və ədalətli maliyyə sisteminə maraq yüksəlir: "Azərbaycan iqtisadiyyatında şaxələnməyə, sosial bərabərliyə və dayanıqlılığa yönəlmiş bir yol seçib. Bu dəyərlər isə İslam maliyyəsinin əsas prinsipləri ilə üst-üstə düşür – riskin ədalətli bölüşdürülməsi, real aktivlərə əsaslanan əməliyyatlar və faizsiz, məsuliyyətli maliyyə alətləri".
J.Hacıyeva bildirib ki, İslam maliyyəsinin prinsipləri müştəri etimadını artırmaqla yanaşı, maliyyə institutlarını da müştərinin uğurunda maraqlı tərəfə çevirir.
Assosiasiya rəhbəri xatırladıb ki, hələ 2010-cu ildə AMFA-nın üzv təşkilatları arasında aparılan müşahidələr İslam maliyyəsinə marağın güclü olduğunu göstərib:
"Həcc ziyarətindən qayıdan bir çox müştəri ənənəvi kreditlərin dini inanclarla uyğun gəlmədiyini deyərək bu xidmətlərdən imtina edib. Sürətli bazar qiymətləndirilməsi nəticəsində məlum olub ki, Azərbaycanın mikromaliyyə bazarının təxminən 17–25 %-i İslam mikromaliyyə məhsulları mövcud olduğu halda onlara üstünlük verərdi".
J.Hacıyeva vurğulayıb ki, AMFA olaraq fəaliyyətlərinin əsas məqsədi imkanları məhdud insanların iqtisadi müstəqilliyini təmin etmək və layiqli gəlir imkanları yaratmaqdır: "İslam maliyyəsinin prinsipləri bu missiyanın təbii davamıdır. Çünki burada həm etik davranış, həm də sosial məsuliyyət vacibdir".
J.Hacıyeva İslam maliyyəsinin yalnız dini deyil, sosial-iqtisadi baxımdan da inkişaf modeli olduğunu vurğulayıb:
"İslam maliyyəsi təkcə maliyyə modeli deyil, bu, ədalətə, paylaşmaya və məsuliyyətə əsaslanan bir həyat fəlsəfəsidir. Əminəm ki, bu forumun nəticələri Azərbaycanda və regionda etik, inklüziv və dayanıqlı maliyyə sisteminin formalaşmasına yeni təkan verəcək".