Ukrayna və Finlandiya SAFE proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib
- 23 oktyabr, 2025
- 20:37

Ukrayna və Finlandiya SAFE proqramı çərçivəsində uzaqmənzilli raketlərin, pilotsuz uçuş aparatlarının və artilleriya sursatlarının alınması üzrə əməkdaşlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.
"Bu gün Brüsseldə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşdüm. Mən ona bu yaxınlarda elan edilmiş 52 milyon avroluq 30-cu müdafiə paketinə və Finlandiyanın 100 milyon avro dəyərində töhfə ilə PURL təşəbbüsünə qoşulmasına görə təşəkkür etdim. Bu, müdafiəmiz üçün əsl yardımdır. Biz həmçinin uzun mənzilli raketlər, pilotsuz uçuş aparatları və artilleriya sursatlarının alınması üçün SAFE aləti çərçivəsində əməkdaşlığı müzakirə etdik", - o yazıb.
Zelenski qeyd edib ki, tərəflər Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumlarını, həmçinin müvafiq potensialın bərpasını və Ukraynanın Enerji Dəstəyi Fonduna töhfələri müzakirə ediblər.